Prezidentlərin Kazan görüşü ərəfəsində sərt bəyanat
20 İyun 2011 Bazar Ertəsi 21:31
Əli Həsənov: “Ermənistan ikibaşlı oyunlarını davam etdirsə, Azərbaycan güc yolu ilə torpaqlarını azad edə bilər”.
Ermənistan ikibaşlı oyunları davam etdirsə, Azərbaycan güc yolu ilə torpaqlarını azad edə bilər. Bu bəyanatla Kazan görüşü ərəfəsində baş nazirin müavini Əli Həsənov çıxış edib. Ə. Həsənov deyib ki, Ermənistan dövləti və rəhbərliyi genetik xəstəliyə tutulub. Belə ki, Ermənistan Azərbaycana, Gürcüstana, Türkiyəyə, hətta Rusiyanın Krasnodar vilayətinə iddia edir. “Dünya yalnız ABŞ və Fransaya ərazi iddiaları ilə çıxış ediləndə, ayılacaq”, - deyə baş nazirin müavini qeyd edib.

Əli Həsənovun sözlərinə görə, torpaqlarımızın müvəqqəti işğal altında olmasına baxmayaraq, hələlik uduzan Ermənistandır: “Ermənistanın bugünki iqtisadi durumu, orada yaşayan insanların iqtisadi vəziyyəti, Ermənistanda son 15 ildə 1,5 milyon adamın oranı tərk etməsi ona işarədir ki, nəhayət bunu dərk etmək lazımdır. Gec-tez Azərbaycan öz torpaqlarını azad edəcək. Onlar bunu başa düşməlidir”.

Baş nazirin müavini deyib ki, Azərbaycanla Ermənistan qonşudur. “İstər-istəməz biz bu qonşuluğu davam etdirməliyik. Ermənilər bunu nə qədər tez başa düşsələr, bir o qədər öz millətləri, öz xalqları üçün, öz dövlətləri üçün xeyri olacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar