Prezidentin sədrliyilə Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunan iclas keçirilib
12 İyul 2011 Çərşənbə Axşamı 19:29
İlham Əliyev: “2011-ci ilin I yarısında da ölkə qarşısında duran sosial-iqtisadi məsələlər həllini tapıb”.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib. “2011-ci ilin I yarısında da ölkə qarşısında duran sosial-iqtisadi məsələlər həllini tapıb” söyləyən Prezident İlham Əliyev bu dövrdə ümumi daxili məhsulun 0,9 faiz artdığını bildirib. Bu göstəricinin əvvəlki dövrlə müqayisədə az olduğunu deyən dövlət başçısı bildirib ki, buna səbəb neft hasilatının azalmasıdır.

“Bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsidir” söyləyən Azərbaycan Prezidenti bu ilin 6 ayında qeyri-neft sektorunda 7,2, kənd təsərrüfatında isə 6,2 faiz artımın əldə olunduğunu bildirib. Prezident qeyd edib ki, əhalinin pul gəlirləri də 17 faiz artıb. İlin birinci yarısında büdcəyə edilən dəyişikliklərdən sonra tariximizdə ilk dəfə olaraq Azərbaycan büdcəsinin 20 milyard dollara çatdığını deyən dövlət başçısı bu dövrdə ölkəmizin strateji valyuta ehtiyatlarının 9 milyard dollar artdığını diqqətə çatdırıb. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ümumilikdə 38 milyard dollar təşkil edir. Bu, bizə imkan verir ki, iqtisadiyyatın inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları ayıraq.

Bu ilin birinci yarısında sosial məsələlərin həllinin də diqqət mərkəzində olduğunu, pensiyaların 40 faiz artdığını vurğulayan İlham Əliyev “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” söyləyib. Dövlət başçısı bildirib ki, hazırda ölkədə 125 min ailəni əhatə edən ünvanlı sosial yardım proqramının icrası davam etdirilir. Son 7 ildə yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə azalıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində son 6 ayda 38 min yeni iş yeri açılıb. Bu il “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, o cümlədən 2011-2013-cü illərdə Bakı və Bakı ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib.

Nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev ATƏT-in Minsk qrupuna həmsədr ölkələrinin dövlət başçılarının son bəyanatını ümidverici adlandırıb. “Bu bəyanatda Helsinki Yekun Aktı əsas götürülüb və orada status-kvonun dəyişdirilməsi xüsusilə vurğulanır. Belə olan halda isə Azərbaycan torpaqları işğaldan azad olunmalıdır”, - deyən dövlət başçısı Ermənistanın 20 ildir ki, status-kvonun dəyişdirilməsini istəmədiyini bildirdi. Üçüncü mühüm amil isə həmsədr ölkələrin münaqişənin həlli ilə bağlı fəallıqlarını artırmalarıdır. Dağlıq Qarabağ münaqişəsinin Praqa, sonra isə Madrid prinsipləri üzrə nizamlanması ilə bağlı danışıqların aparıldığını deyən dövlət başçısı bildirdi ki, Minsk qrupunun həmsədrləri hər iki tərəfə yenilənmiş Madrid prinsiplərini 2009-cu ildə təqdim ediblər. Rusiya Prezidentinin təşəbbüsü ilə baş tutan Soçi görüşündə Azərbaycan birmənalı olaraq bu prinsipləri qəbul etdiyini bildirib. Ermənistan isə müxtəlif vasitələrlə bu prinsiplərin qəbulundan imtina edir. Madrid prinsiplərinin mahiyyəti barədə məlumat verən dövlət başçısı indi yeni vəziyyətin yarandığını, Azərbaycanın isə yenə də konstruktivlik göstərdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev onu da deyib ki, bütün dünyanın, Avropa qurumlarının, xüsusilə də həmsədr ölkələrin bu məsələyə olan münasibətinə baxmayaraq, Ermənistanın son günlərdəki hərəkətləri başadüşülməzdir. Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar danışıqların ruhuna ziddir.

“Son illərdə beynəlxalq birliyin fəallaşmasının əsas səbəblərindən biri də güclü Azərbaycan dövlətinin və ordusunun mövcudluğudur”, - deyən Prezident İlham Əliyev Azərbaycanın bu məsələnin tezliklə həllində ən çox maraqlı tərəf olduğunu bildirib. Sonra vergilər naziri Fazil Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bu ilin 6 ayında ölkədə gedən sosial-iqtisadi inkişaf prosesləri barədə məlumat veriblər.

Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bildirib: “Bizim iqtisadi göstəricilərimiz gördüyümüz işlərin nəticəsidir və ölkədə gedən proseslər müsbət istiqamətdə davam edir”. Dövlət başçısı Azərbaycanın bölgədə nüfuzunun getdikcə artdığını dedi, çəkilişi davam edən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışıb. Prezident maktoiqtisadi sabitliyin saxlanılmasının, büdcə xərclərinin 100 faiz icra edilməsinin, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin vacib olduğunu bildirib. Bildirib ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminal tikilir, bu ilin sonuna qədər isə Qəbələdə daha bir beynəlxalq aeroport istifadəyə veriləcək. Ələt qəsəbəsində Xəzər hövzəsində ən böyük və müasir dəniz ticarət limanının, gəmiqayırma zavodunun inşa olunduğunu, yaxın vaxtlarda gübrə zavodunun təməlinin qoyulacağını deyən Prezident İlham Əliyev bildirib.

Qarşıdakı 4 ildə metro stansiyalarının sayı 30-a çatdırılacaq. Ordu quruculuğunun da diqqət mərkəzində olduğunu deyən dövlət başçısı hazırda hərbi xərclərin 3,3 milyard dollar təşkil etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanda sənaye mərkəzlərinin yaradılması, İKT sektorunun, sahibkarlığın, turizmin inkişafı, kənd yollarının çəkilməsi, yaxın 4-5 ildə su və kanalizasiya problemlərinin həll olunması, əhalinin fasiləsiz içməli su ilə təmin edilməsinin vacibliyini də diqqətə çatdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar