Prezidenti İranın xarici işlər nazirinin müavinini qəbul edib
23 May 2011 Bazar Ertəsi 17:23
Görüşdə iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub.
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikası xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybanini qəbul edib. Mohammad Reza Rauf Şeybani İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Xameneinin və İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırıb. O, prezident Mahmud Əhmədinejadın və İranın digər yüksək rütbəli rəsmilərinin İlham Əliyevin şəxsiyyətinə xüsusi hörmət və ehtiram bəslədiklərini, Azərbaycan Respublikasına və xalqına daim inkişaf arzuladıqlarını deyib.

Öz növbəsində İlham Əliyev ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini və bu əlaqələrin hazırda yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının siyasi əlaqələrinin güclü olduğunu, iqtisadi sahədə yeni təşəbbüslərin irəli sürüldüyünü vurğulayan prezident ölkələrimiz arasında çoxlu sayda ikitərəfli sənədlərin imzalanmasının əhəmiyyətini qeyd edib və razılaşdırılmış bütün məsələlərin həyata keçirildiyini bildirib. O, ikitərəfli güclü əlaqələrin regional əməkdaşlıq baxımından önəmini qeyd edib.

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla mütəmadi olaraq görüşlərini xatırlayan İlham Əliyev İran prezidenti ilə şəxsi əlaqələrinin iki ölkə arasındakı münasibətlərə və xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinə çox müsbət təsir göstərdiyini qeyd edib.

İlham Əliyev İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Xameneinin və İran prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran İslam Respublikasının Ali Dini Rəhbərinə və prezidentinə çatdırmağı xahiş edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar