Prezidentə "İlin adamı-2010" mükafatı təqdim olunub
28 Fevral 2011 Bazar Ertəsi 22:21
İlham Əliyev Rumıniyanın "NİRO İnvestment Group" şirkətinin rəhbərini qəbul edib.
Prezident İlham Əliyev Rumıniyanın “NİRO İnvestment Group” şirkətinin rəhbəri Nikolae Dumitrunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “NİRO İnvestment Group” şirkətinin rəhbəri Nikolae Dumitru “Balkanlar və Avropa” jurnalı nümayəndə heyətinin üzvü olaraq “İlin adamı 2010” mükafatını dövlət başçısına təqdim etmək imkanı əldə etmələrindən məmnunluğunu bildirib. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, o, dövlət başçısını bu mükafata dünyadakı maliyyə böhranına baxmayaraq, ölkəmizdə əldə olunan və yüksək qiymətləndirilən böyük uğurlara görə jurnalın akademiklərdən, alimlər, jurnalistlər və hüquqşünaslardan ibarət nüfuzlu münsiflər heyəti tərəfindən yekdilliklə layiq görüldüyünü qeyd edib.
Nikolae Dumitru Rumıniya-Azərbaycan strateji tərəfdaşlığının və xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da davam edəcəyinə əminliyini bildirib və “İlin adamı-2010” mükafatını dövlət baçısına təqdim edib.
Dövlət başçısı “İlin adamı-2010” mükafatına görə minnətdarlığını bildirib və “Balkanlar və Avropa” jurnalının bu qərarını ölkələrimiz arasında əlaqələrin göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə Rumıniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini və bir çox sahələri, o cümlədən siyasi, iqtisadi və humanitar sahələri əhatə etdiyini deyib. Dövlət başçısı ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Dünyada Rumıniyanın Azərbaycana ən yaxın dost dövlətlərdən biri olduğunu deyən prezident İlham Əliyev ölkələrimiz arasında imzalanan müxtəlif sənədlərin, xüsusilə strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyətini vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: