Prezident Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib
05 Oktyabr 2010 Çərşənbə Axşamı 16:00
İlham Əliyev iki məktəb və bir xəstəxananın da açılışına qatılıb.
Naxçıvanda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev muxtar respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib. Prezident açılışı bildirən lenti kəsib.
Mərasim zamanı dövlət başçısına məlumat verilib ki, Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yolu olan Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanıb. Dördzolaqlı yolun ümumi uzunluğu 81,95 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Birinci hissəsi prezidentin ötən il Naxçıvana səfəri çərçivəsində istifadəyə verilən şosenin kənarlarında xüsusi su ötürücüləri və arxlar çəkilib, magistralın üzərində bir neçə yolötürücü tikilib. İnşaat işlərini Naxçıvan Muxtar Respublikası Tikinti və Arxitektura Komitəsinin sifarişi ilə “Gəmiqaya” şirkəti yerinə yetirib. Magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə Böyük İpək yolunun bir hissəsini təşkil edir.
Sonda prezident İlham Əliyev yeni yolda avtomobili idarə edib.
***
Bu gün İlham Əliyev Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında da iştirak edib. Prezident açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Dövlət başçısına məlumat verilib ki, Milli qəhrəman Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbinin binası əsaslı şəkildə yenidən qurulub. 1981-ci ildən fəaliyyət göstərən hazırki bina bir müddət əvvəl qəzalı vəziyyətə düşüb. Üçmərtəbəli, 540 şagird yeri olan yeni binada 30 sinif otağı var. Bir-birinə örtülü keçidlə birləşdirilmiş üç korpusdan ibarət binada şagirdlərin təlim-tərbiyəsi üçün bütün şərait yaradılıb, otaqlar zəruri vəsaitlərlə təchiz olunub. Fənn kabinetlərində, laboratoriyalarda müasir standartlara cavab verən avadanlıq qurulub.
***
Azərbaycan prezidenti oktyabrın 5-də Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışına qatılıb. İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Prezidentə məlumat verilib ki, 594 şagird yeri olan 2 nömrəli Sədərək orta məktəbinin binası yeni inşa edilib. Dördmərtəbəli binanın tikintisinə bu ilin mayında başlanılıb. Burada 33 sinif otağı var. Fənn kabinetləri, o cümlədən hərbi hazırlıq otağı və idman zalı zəruri əyani vəsaitlərlə təmin olunub. Burada həm də şagirdlərin ixtiyarına iki elektron lövhəli sinif otağı da verilib. Məktəbdə internetə çıxışı olan 31 kompüter var. Kitabxanada 10 min nüsxəyə yaxın ədəbiyyat mühafizə edilir. Məktəbdə 511 şagirdin təlim-tərbiyəsi ilə 32 müəllim məşğul olur.
***
Oktyabrın 5-də prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda inşa edilən rayon mərkəzi xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Qeyd edək ki, ümumi sahəsi 11700 kvadratmetr olan xəstəxana binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilib. Zirzəmi qatı ilə birlikdə üç mərtəbədən ibarət olan xəstəxana 26 çarpayılıqdır. Müasir tibbi avadanlığın quraşdırıldığı səhiyyə ocağında 29 həkim, 34 tibb bacısı çalışır.
Xəstəxanada üç şöbə - stasionar, poliklinika və təcili yardım şöbələri fəaliyyət göstərəcək. Burada, həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait var.
Dövlət başçısının diqqətinə çatdırılıb ki, səhiyyə islahatları muxtar respublikada uğurla aparılır. Cari ilin ötən dövründə muxtar respublikanın demək olar ki, bütün rayonlarında səhiyyə ocaqlarının tikintisi və mövcud olanların yenidən qurulması prosesi sürətlə davam etmişdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: