Prezident İlham Əliyev: “Son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulub”
16 Yanvar 2012 Bazar Ertəsi 19:20
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
“APA-Economics”in məlumatına görə, dövlət başçısı iclası giriş nitqi ilə açaraq bildirib ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilib. Ötən il iqtisadiyyatda ümumi artım 0,1 faiz, qeyri-neft sektorunda 9,4 faiz olub. Bu sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına da həlledici təsir göstərib. Ölkədə qeyri-neft sənayesinin çəkisi 11,1 faiz artıb. İnflyasiya birrəqəmli səviyyədə qalıb, əhalinin pul gəlirləri 19,6 faiz yüksəlib. 2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunub və bu rəqəm 20 milyard dollar təşkil edib. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə isə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatları ilk dəfə olaraq 40 milyard dolları keçib. Keçən ildə maaşlar, pensiyalar artırılıb, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatıb.

“Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bununla yanaşı, sosial siyasətdə də uğurlu addımlar atırıq”, - deyən prezident İlham Əliyev bildirib ki, keçən il səhiyyə, təhsil, idman, mədəniyyət obyektlərinin tikintisi davam etdirilib. Ötən il 94 min yeni iş yeri açılıb ki, onlardan 73 mini daimidir. İşsizliyin səviyyəsi 2011-ci ildə 5,4 faizə, yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşüb.

Prezident İlham Əliyev 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunduğunu, bu çərçivədə böyük işlərin görüldüyünü, yeni müasir otellərin açıldığını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edildiyini, Gənclər Fondunun yaradıldığını bildirib. O qeyd edib ki, 2011-ci ildə ölkənin enerji potensialının və yeni qaz yataqlarının kəşfi, mavi yanacağın nəqli və tranziti ilə də bağlı mühüm addımlar atılıb.

Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2011-ci ildə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat veriblər.

Prezident İlham Əliyev yekun nitqində bildirib ki, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal iş görülməlidir. “2012-ci ildə dövlət büdcəsinin xərcləri 22 milyard, icmal büdcə isə 25 milyard dollar olacaq”, - deyən dövlət başçısı ölkədə maliyyə intizamının gücləndirilməsi, bu sahədə şəffaflığın tam təmin edilməsi üçün imkanların olduğunu bildirib. Dövlət İnvestisiya Proqramının həcminin 5,7 milyard manat təşkil etdiyini qeyd edən prezident İlham Əliyev bildirib ki, 2012-ci ildə əsas diqqət içməli su və kanalizasiya layihələrinin icrasına yönəldiləcək. Bununla yanaşı, suvarma və meliorasiya, qazlaşdırma layihələrinin icrası, elektrik enerjisi ilə təminat, İKT-nin və 2012-ci ildə ilk telekommunikasiya peykinin fəzaya buraxmağa hazırlaşan Azərbaycanda kosmik sənayenin inkişafı qarşıda duran prioritetlər sırasındadır. 2012-ci ildə ölkədə ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının, sahibkarlığın inkişafı da diqqət mərkəzində olacaq, Bakı və paytaxt qəsəbələrinin inkişafı proqramının icrası, sosial-infrastruktur obyektlərinin tikintisi, ekoloji problemlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək.

Bununla yanaşı, dövlət başçısı ordu quruculuğu istiqamətində tədbirlərin davam etdirilməsi, hərbi hissələrdə yaşayış və xidmət üçün yüksək şəraitin yaradılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.

Prezident İlham Əliyev bildirib ki, 2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçiriləcək. Ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyan bu beynəlxalq səviyyəli yarışın keçirildiyi ildə Azərbaycanda 10 Olimpiya İdman Kompleksi tikiləcək, Olimpiya stadionunun və Gimnastika Kompleksinin tikintisi fəal mərhələyə keçəcək, Tofiq Bəhramov adına stadionun təmir-bərpası davam etdiriləcək. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev 2012-ci ili “İdman ili” elan edib və bununla bağlı müvafiq sərəncamın imzalanacağını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar