Prezident İlham Əliyev: “Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbayc
17 Fevral 2012 Cümə 03:15
“Bütövlükdə şimal zonasının səhiyyə məsələləri uğurla həll olunur, əvvəlki dövrlərdə ətraf rayonların hamısında tibb mərkəzləri tikilib”.
APA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Qusara səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının açılışındakı çıxışında deyib.
Dövləti başçısı bildirib ki, Qubada Müalicə-Diaqnostika Mərkəzi tikilib. Siyəzəndə hələ 2004-cü ildə Dövlət Neft Şirkəti tərəfindən xəstəxana tikilib. Ondan sonra Xaçmazda, Şabranda və nəhayət, Qusarda xəstəxananın açılışını qeyd olunur. Beləliklə, şimal zonasının əsas səhiyyə məsələləri öz həllini tapır. Bütövlükdə ölkə üzrə hər bir bölgədə yeni xəstəxanalar, diaqnostika mərkəzləri açılır və açılacaq. Gələn ilin sonuna qədər hər bir rayonda, rayon mərkəzində ən müasir standartlara cavab verən tibb mərkəzləri fəaliyyətə başlası planlaşdırılır.
Prezident deyib:“Təbii ki, Bakı şəhərində də bu proses geniş vüsət alıb. Bakıda son illər ərzində ən müasir xəstəxanalar tikilib. Bu xəstəxanaların fəaliyyətə başlaması Bakını bölgənin, yəni regionun, o cümlədən səhiyyə sahəsində mərkəzinə çevirəcək”.
O bildirib ki, xəstəxananın tikintisini Dövlət Neft Şirkəti icra edib Dövlət Neft Şirkəti Azərbaycanın və bölgənin, regionun ən böyük şirkətidir, böyük funksiyaları, vəzifələri var, Azərbaycan iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoruna aiddir. Bununla bərabər, Dövlət Neft Şirkəti çoxsaylı sosial proqramları icra edir. “Vaxtilə mən bu göstərişi vermişəm ki, ölkəmizin ən böyük şirkəti sosial sahədə də ən böyük nailiyyətlərə çatmalıdır. Mən çox şadam ki, Dövlət Neft Şirkəti tərəfindən artıq ondan çox yeni Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir”.
Bütövlükdə Qusar rayonunun inkişafında da Dövlət Neft Şirkəti fəal iştirak edir, yeni parklar salınır, yeni muzeylər açılır. Bu sosial funksiya qusarlıların ürəyincə olmalıdır.
Qusar rayonunun inkişafı ilə bağlı konkret sosial, infrastruktur layihələr icra edilir. Rayonun inkişafı üçün vacib olan Şahdağ Elektrik Stansiyası bir müddət bundan əvvəl tikilib. Bu stansiya bütün şimal zonasını elektrik enerjisi ilə təchiz edir. Rayonun inkişafı yollar tikilmədən mümkün deyil. Bu məqsədlə Bakı-Quba-Qusar avtomobil yolu tikilir və Quba-Qusar hissəsi indi tikilməkdədir. Bununla bərabər, rayon rəhbərliyinin xahişini nəzərə alaraq kənd yollarına da vəsait ayrılıb. Əvvəlki dövrdə Qusarda gözəl Olimpiya İdman Kompleksi açılıb. 20-yə yaxın məktəb tikilib və təmir edilib. Rayonun inkişafı üçün lazım olan maliyyə dəstəyi də verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara kreditlər ayrılır və ölkə miqyasında qeyri-neft sektorunda ən böyük investisiya layihəsi də məhz Qusar rayonunda həyata keçirilir. Şahdağ Qış-Yay Xizək Mərkəzinin tikintisi sürətlə və uğurla gedir. Prezident ümid edib ki, bu gözəl, möhtəşəm mərkəz öz qapılarını bu ilin sonuna qədər insanların üzünə açacaq.
Qusar rayonuna sərmayənin əsas hissəsini dövlət öz üzərinə götürüb. Dövlət büdcəsi hesabına hazırda burada üç mehmanxana tikilir, istirahət zonaları, yollar salınır, bütün kommunikasiyalar çəkilir - işıq, qaz, su, kanalizasiya. “Mən çox şadam ki, özəl sektor da bizim təşəbbüslərə qoşulmuşdur. Özəl sektor tərəfindən də mehmanxanalar tikilməkdədir.
Beləliklə, Şahdağ Xizək Mərkəzi dünyanın ən gözəl mərkəzlərindən birinə çevriləcək. Buraya gələcək turistlərin sayı hesab edirəm ki, minlərlə ölçüləcək”.
Dövlət başçısı bildirib ki, bu, rayonun inkişafına çox böyük təkan verəcək, yüzlərlə, bəlkə minlərlə yeni iş yerləri açılacaq və Qusar rayonu Azərbaycanın turizm mərkəzinə çevriləcək. Bu layihə prezidentin təşəbbüsü ilə bir neçə il bundan əvvəl başlanılıb. “Vaxtaşırı o tikinti ilə maraqlanıram. Bir daha demək istəyirəm ki, bu tikintini dünyanın qabaqcıl tikinti və dizayn şirkətləri aparır və ən gözəl xizək mərkəzinə çevriləcək”.
O qeyd edib ki, Dövlət Neft Şirkəti Qusar rayonunda böyük qazlaşdırma layihələrini icra edir. Rayon mərkəzi qazlaşdırılıb, indi ətraf kəndlərdə qazlaşdırma gedir. “Hələ ki, qazlaşdırma istədiyimiz səviyyədə deyil, ancaq qarşıya vəzifə qoyulubdur ki, gələn ilin sonuna qədər Qusar rayonunda maksimum kəndlər qazlaşdırılsın. Bununla bərabər, içməli su və kanalizasiya xətlərinin yenilənməsi layihəsi də başlamaq üzrədir. Bu layihə də çox vacibdir. Hər bir yerdə içməli su, kanalizasiya, işıq, qaz olmalıdır və olacaq”.
Prezidentin fikrincə, Qusar rayonunun timsalında ölkənin ümumi inkişaf dinamikasını görünür. Həm iqtisadi inkişaf, infrastruktur layihələrinin icrası, sosial infrastrukturun yaradılması, Olimpiya Mərkəzi, xəstəxana, məktəblər, yollar, qazlaşdırma, su layihələri – yəni, ölkədə gedən quruculuq-abadlıq işləri bu rayonda özünü çox qabarıq şəkildə büruzə verir.
O bildirib ki, bütövlükdə ölkə inamla inkişaf edir. Bütün iqtisadi göstəricilər yüksək səviyyədədir. Dünyada hökm sürən maliyyə və iqtisadi böhran dövründə beynəlxalq maliyyə qurumları Azərbaycanın iqtisadi reytinqini artırırlar. Avropanın inkişaf etmiş ölkələrinin reytinqləri aşağı düşdüyü halda, Azərbaycanın reytinqi qalxır. Bu, ölkədə görülən işlərin nəticəsidir.
İlham Əliyev keçən ilin göstəricilərinin çox sevindirici olduğunu deyib. Keçən il qeyri-neft iqtisadiyyatında 10 faizdən çox artım olub. Bu ilin birinci ayının yekunları da müsbətdir. Qeyri-neft sənayemiz 10 faizdən çox artıb. Hər bir yerdə yeni sənaye müəssisələri, yeni binalar, yeni zavodlar, fabriklər, turizm mərkəzləri yaradılır. Ancaq əlbəttə ki, hər bir rayonun öz xüsusiyyəti var və ümumi inkişaf planı buna uyğun şəkildə həyata keçirilir.
Qusar rayonunun inkişafı daha çox turizmlə, kənd təsərrüfatı ilə bağlı olacaq. Biz bu gözəl təbiəti qorumalıyıq. Bu, böyük dəyər, böyük sərvətdir. Həm təmiz hava, həm gözəl şərait, gözəl dağlar. O deyib: “Biz öz işimizlə, konkret layihələrimizlə bu gözəlliyə əlavə gözəllik qatmalıyıq. Qusar şəhəri də abadlaşır. Gözəl parklar salınır, yollar çəkilir, şəhərin bütün infrastrukturu yeniləşir və gələcəkdə bu proses daha da sürətlə gedəcək”.
Azərbaycan bu bölgədə sabitlik, təhlükəsizlik adasıdır, inkişaf məkanıdır deyən prezident vurğulayıb ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Onun sözlərinə görə, bu ölkənin böyük üstünlüyüdü, böyük dəyərdi. İlham Əliyev bildirib: “Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Çox şadam ki, müstəqillik dövründə də, - birinci iki ili istisna etmək şərti ilə, - bu gözəl ənənələr yaşayır. Müstəqilliyimizin ilk illərində o vaxtkı iqtidar bütün sahələrdə, o cümlədən milli münasibətlər sahəsində çox böyük səhvlər buraxmışdır, deyə bilərəm ki, cinayətlər törətmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra bütün məsələlər öz həllini tapdı və Azərbaycana xas olan dostluq, həmrəylik, qarşılıqlı dəstək meyilləri yenə də gücləndi”.
Prezident vurğuladı ki, hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır. Ölkəni bəzi başqa ölkələrdən fərqləndirən məhz budur. Heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək və verilmir: “Bunun qarantı mənəm – Azərbaycan Prezidenti! Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıbdır və olmayacaq. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilir ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bəzi Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni ki, müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür. Məhz buna görə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Dinlərarası, mədəniyyətlərarası, millətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlər keçirilir. Biz istəyirik ki, dünya ictimaiyyəti də bizim təcrübəmizi bilsin və harada lazımdır öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan dünyada seçilən ölkələrdəndir”.
Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq mövqeyi də güclüdür. Azərbaycan dünyanın ən mötəbər qurumunun üzvüdür – BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Bu, böyük məsuliyyət, böyük etimaddır, görülən işlərin böyük nəticəsidir.
Dövlət başçısı bildirib: “2012-ci il də ölkəmiz üçün uğurlu olacaq. Mən buna şübhə etmirəm. Hər bir vətəndaş öz yerində ölkəmizin, doğma Azərbaycanımızın inkişafına dəyərli töhfəsini verməlidir”.
DOSTLARINLA PAYLAŞ: