Prezident İlham Əliyev hamını reket jurnalistikasına qarşı mübarizəyə çağırdı
23 İyul 2010 Cümə 00:50
İlham Əliyev: “Biz reket jurnalistikasına onların üsulu ilə cavab verməməliyik”.
“Reket jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılış mərasimində bəyan edib. Onun fikrincə, bu mübarizə sivil qaydalarla aparılmalıdır: “Mən hesab edirəm ki, biz reket jurnalistikasına, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaq. Hesab edirəm ki, buna müəyyən qədər vaxt lazımdır. Çünki biz müstəqil ölkə kimi cəmi 20 ilə yaxındır ki, yaşayırıq. Hələ ki, bütün sahələrdə olduğu kimi bu sahədə də müəyyən qədər vaxt lazımdır”.

Dövlət başçısı diffamasiya ilə bağlı məsələlərə də münasibət bildirib: “Siz yaxşı bilirsiniz ki, hətta Avropanın inkişaf etmiş ölkələrində bu məsələ ilə bağlı birmənalı mövqe yoxdur. Biz Avropa Şurası ilə münasibətlərimizdə dəfələrlə bu məsələ ətrafında fikir mübadiləsi aparmışıq. Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik. Nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə bir növ qeyri-rəsmi moratorium qeyd olunub. Ancaq biz istəyirik ki, bütün ölkələr öz fəaliyyətini bu kriteriyalara uyğun şəkildə göstərsinlər. Bəzi hallarda beynəlxalq təşkilatlar Azərbaycana xüsusi diqqət göstərirlər. Ola bilər ki, bəzi məsələlərlə bağlı bu xüsusi diqqət təqdirəlayiqdir. Amma bəzi hallarda bu ayrı-seçkilik başqa məna daşıyır və xüsusilə Avropa Şurası ilə bağlı bizim münasibətlərimizin inkişafı bunu göstərir. Mən bu məsələ ilə bilavasitə məşğul olan bir insan kimi və Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri kimi bütün bu işləri yaxından bilirəm. Deyə bilərəm ki, 2001-ci ildən başlayaraq bu günə qədər Azərbaycana qarşı bəzi hallarda aparılan ədalətsiz mübarizə bizdə çox böyük hiddət doğurur. Çünki hər şey ədalətli olmalıdır. Ədalət ən böyük meyardır. Əlbəttə ki, Azərbaycan cəmiyyətində problemlər var. Biz bu problemləri bilirik. Ancaq hər bir ölkəyə vahid meyarlarla yanaşılmalıdır. Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda yerləşən ölkələrdə problemlər bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim olunur. Azərbaycanda isə xırda məsələ ilə bağlı böyük hay-küy salınır. Sanki kimsə istəyir ki, Azərbaycanın reputasiyasına zərbə vursun. Biz çox yaxşı bilirik ki, 2008-ci ildə Ermənistanda prezident seçkiləri nəticəsində ordunun iştirakı ilə 10-dan yuxarı insan öldürülüb, yüzlərlə insan həbs olunub, prezidentliyə namizəd ev dustağı olub, millət vəkilləri, media nümayəndələri həbs ediliblər. Ancaq sadəcə bir neçə gün ondan sonra müəyyən mətbuat orqanlarında bu barədə məlumat getdi, ondan sonra elə bil ki, bu, heç olmayıb, nə beynəlxalq mediada, nə də ki, Avropa Şurasında, nə də başqa yerdə məlumat verilmədi. İndi də bu məsələ ilə bağlı vaxtaşırı kimsə məsələ qaldırır, amma bu mövzu geniş mənada bağlanıb”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda isə müqayisəolunmaz dərəcədə bir xırda məsələ baş verən kimi, dərhal beynəlxalq media orqanlarına çıxarılır: “Azərbaycanı elə bil ki, antidemokratik ölkə kimi təqdim etməyə çalışırlar. Bu, bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir. Biz bu mübarizəyə hazırıq və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək. Ona görə diffamasiya ilə bağlı məsələlərə gəldikdə, mən hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır və qanunvericilikdə müvafiq düzəlişlər edilməlidir. Amma çox istərdik ki, özlərini demokratiyanın beşiyi sayan inkişaf etmiş ölkələrdə də bu məsələ ilə bağlı addımlar atılsın. Əfsuslar olsun ki, Azərbaycanda reklam bazarı hələ ki, o qədər də böyük deyil. Ancaq söylədiyiniz rəqəmlər əlbəttə, göstərir ki, burada bölgü ədalətsiz aparılır. Əgər 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu, dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcək”.

İlham Əliyev deyib ki, yazılı media elektron media ilə rəqabət apara bilmir: “Yəni, bu həqiqətdir, bu, hər ölkədə belədir. Hətta inkişaf etmiş, böyük ənənələrə malik olan ölkələrdə və media tarixi böyük olan ölkələrdə də kütləvi informasiya vasitələrinin xüsusiyyətləri bunlardan ibarətdir. Siz də bunu yaxşı bilirsiniz. Ancaq bununla bərabər mən bu məsələ ilə məşğul olacağam. Jurnalist kadrların hazırlanması ilə bağlı qaldırdığınız məsələ çox vacibdir. Mən bunu xüsusilə vurğulamaq istəyirəm və hesab edirəm ki, müxtəlif proqramlar əsasında biz bu məsələ ilə daha da ciddi məşğul olmalıyıq. Bu gün bilirsiniz ki, Azərbaycan gənclərinin xaricdə oxuması ilə bağlı dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində hər il, haradasa 10 milyon manata qədər vəsait ayrılır. Bu vəsait hesabına biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxuduruq. Yəqin ki, o ixtisaslar siyahısına jurnalistika peşəsini də əlavə etməliyik. Çünki doğrudan da, buna böyük ehtiyac var”.

Dövlət başçısının fikrincə, təkcə mediada deyil, ümumiyyətlə, hər sahədə peşəkarlığın artırılması bizim üçün ən prioritet məsələyə çevrilməlidir: “Bu gün bütün sahələrdə - iqtisadiyyatda, ictimai sahədə, sənaye istehsalında, xidmət sektorunda bizdə peşəkar kadrlar çatışmır. Azərbaycanın uğurlu və sürətli inkişafı tələb edir ki, bu sahələrdə peşəkarlar işləsinlər. Ona görə peşəkarlıqla bağlı olan məsələlər ümumi xarakter daşıyır. İndi biz bu məsələ ilə çox ciddi məşğuluq. O cümlədən jurnalistikada peşəkar kadrların işləməsi vacibdir. Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan qaldırılacaq. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaq. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıb”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar