Prezident İlham Əliyev: “Gürcüstan-Azərbaycan arasında birgə təşəbbüslər və əlaqələr regional çərç
07 Mart 2012 Çərşənbə 00:30
“Əsrlər boyu Gürcü və Azərbaycan xalqları mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar və biz bu gözəl ənənələri bu gün də davam etdiririk”.
APA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə mətbuat konfransındakı çıxışında deyib.
Prezident bəyanatında bildirib ki, Azərbaycanın və Gürcüstanın tarixində çox oxşar məqamlar var. “Biz çox şadıq və sevinirik ki, sizin rəhbərliyiniz altında Gürcüstan inamla inkişaf edir. Gürcüstanda aparılan islahatlar çox böyük qiymətə malikdir və sizin rəhbərliyinizlə Gürcüstanın inkişafı artıq reallıqdır. Biz bir dost, qardaş kimi buna sevinirik və əminik ki, gələcəkdə də Gürcüstanın inkişafı çox uğurlu olacaq və ölkə qarşısında duran bütün vəzifələr sizin rəhbərliyiniz altında öz həllini tapacaq”. İkitərəfli əlaqələrdən danışan prezident söyləyib ki, bu əlaqələr çox genişdir. İkitərəfli məsələlərin bütün aspektlərini müzakirə edilib və ölkələr arasında heç bir problem yoxdur. Prezident vurğulayıb ki, Gürcüstan-Azərbaycan arasında birgə təşəbbüslər və əlaqələr regional çərçivədən çıxıb və artıq beynəlxalq əhəmiyyətə malikdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər mütəmadi qaydada həyata keçirilir. Prezident deyib, “Mən çox şadam ki, Azərbaycan şirkətləri Gürcüstana iqtisadi sahədə böyük həcmdə investisiyalar qoymağa başlayıblar. Bu investisiyaların böyük gələcəyi var və keçən ilin göstəriciləri də çox müsbətdir. Aramızda olan mal dövriyyəsi sürətlə artır və əminəm ki, bu il də artacaq”.
Dövlət başçısı qeyd edib ki, Gürcüstan prezidentinin səfəri çərçivəsində enerji məsələləri yenidən müzakirə edilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa neft-qaz kəmərləri bölgənin geosiyasi vəziyyətini köklü şəkildə dəyişdirib. Bu gün bu layihələr həm iki ölkənin inkişafına xidmət göstərir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərinə də öz töhfəsini verir.
Enerji təhlükəsizliyi barədə danışan prezident söyləyib: “Birgə səylərlə Avropanın enerji təhlükəsizliyini daha da böyük həcmdə təmin edəcəyik - istər neft, istərsə də qaz sahəsində. Mən çox şadam ki, Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinə də öz töhfəsini verib”.
O bildirib ki, keçirilən müzakirələrdə nəqliyyat məsələləri də böyük yer alıb. Müvafiq qurumların rəhbərləri məruzə ediblər, tranzit məsələləri müzakirə olunub. Prezidentin sözlərinə görə, humanitar sahədə əməkdaşlıq çox yaxşı səviyyədədir. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər humanitar sahədə və bütövlükdə bütün başqa sahələrdə gedən proseslərə müsbət təsir göstərirlər. “Onların ölkələrimizdə rahat yaşaması əlbəttə ki, bizim vəzifəmizdir. Mən çox şadam ki, soydaşlarımızın istər Gürcüstanda, istərsə də Azərbaycanda problemləri uğurla həll edilir. Bu amil də, əlbəttə ki, daim ikitərəfli gündəliyin içindədir”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq münasibətləri reallıqdır və bu günün tələbidir. Prezident bildirib: “Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bu dəstək səmimidir, çox əhəmiyyətlidir. Bütün beynəlxalq təşkilatlarda bir-birimizin lehinə səslərimizin verilməsi Gürcüstan-Azərbaycan əlaqələrinin strateji əhəmiyyətini bir daha vurğulayır. Mən deyə bilərəm ki, bundan sonra da Azərbaycan bütün beynəlxalq təşkilatlarda Gürcüstanı dəstəkləyəcək. Əminəm ki, eyni dəstəyi biz bundan sonra sizdən də görəcəyik”.
DOSTLARINLA PAYLAŞ: