Prezident İlham Əliyev ABŞ prezidenti Barak Obamaya məktub yazıb
04 İyul 2011 Bazar Ertəsi 03:56
Cənab Əliyev Barak Obama və onun simasında Amerika xalqının istiqlaliyyət gününü təbrik edib.
“Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya

Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir.

Biz strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizə sahəsində tərəfdaşlığımıza daim töhfə vermək əzmindəyik. Əminəm ki, həyata keçirdiyimiz irimiqyaslı iqtisadi layihələrin, demokratik, hüquqi dövlət quruculuğu xəttinin gerçəkləşməsi yolunda əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Birləşmiş Ştatların regionumuzda sülhün, sabitliyin bərqərar olmasında marağı bizim üçün çox əhəmiyyətlidir. Ölkəmizin ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvasından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkənizin və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə öz bəhrəsini verəcəyinə böyük ümidlər bəsləyirik.

Belə bir əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına sülh və rifah diləyirəm”.

Qeyd edək ki, 1776-cı il 4 iyul tarixdə ABŞ konqresi Britaniyadan müstəqilliyini elan edib və bu tarix hər il Amerikada “İstiqlaliyyət günü” kimi qeyd olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar