Prezident DSMF-in 2012-ci il büdcəsini təsdiq edib
20 Dekabr 2011 Çərşənbə Axşamı 22:05
İlham Əliyev müvafiq fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, fərmanda qeyd olunur ki, Nazirlər Kabineti
- Üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan prezidentinin aktlarının "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin;
- Üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin;
- Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna isə tapşırılıb ki, Fondun 2012-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Prezidentinə və Nazirlər Kabinetinə məlumat versin.
Maliyyə Nazirliyinə tapşırılıb ki, 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə razılaşdırmaqla 15 gün müddətində təsdiq etsin.
Fərmanda qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılıb ki, məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borcları 2012-ci il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində və təsdiqində nəzərə alsınlar. Gəlir və xərc smetaları aidiyyəti sahə nazirlikləri, habelə Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilən hüquqi şəxslərə tapşırılsın ki, 2012-ci il üçün smetalarda əvvəlki illərdə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların ödənilməsini nəzərdə tutsunlar.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılıb ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə lazımi tədbirləri həyata keçirsinlər.
DOSTLARINLA PAYLAŞ: