Prezident Aşağı Karvansaray kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub
17 Noyabr 2011 Cümə Axşamı 21:46
İlham Əliyev karvansaranın gələcəkdə istifadəsinə dair tapşırıq və tövsiyələrini verib.
Noyabrın 17-də prezident İlham Əliyev Şəki şəhərində “Aşağı Karvansaray” kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezidentə məlumat verib ki, qədim abidələrlə zəngin bölgələrimizdən olan Şəkidəki XIX əsrə aid “Aşağı Karvansaray” Yaxın Şərqdə ən böyük karvansaradır. Kompleksdə əsaslı təmir və bərpa işlərinin aparılması dövlətimizin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq var.
Dövlət başçısı kompleksin əvvəlki vəziyyətini, təmir-bərpa işlərinin gedişini və istifadədən sonrakı vəziyyətini əks etdirən stendə baxıb. Diqqətə çatdırılıb ki, xüsusi layihə əsasında aparılan bərpa işlərinə 2010-cu ilin yanvarında başlanılıb. Təmir-bərpa işlərinin bu ilin dekabrında başa çatdırılması nəzərdə tutulur. Hazırda işlərin birinci mərhələsi həyata keçirilir.
Kompleksdə görülən işlər barədə məlumat verilərkən bildirilib ki, indiyədək uzunluğu 5,2, eni isə 4,3 metr olan 30 tağbənd qurulmuş, 5 min 197 kvadratmetrlik dam örtüyünün konstruksiyası yenidən quraşdırılaraq kirəmitlə örtülmüşdür. Bundan başqa, kompleksdə 5,2 min kvadratmetr damüstü sahə torpaqdan təmizlənmiş və yenidən qurulmuşdur. Burada 3 min 146 kvadratmetr fasad, 16 min 428 kvadratmetr interyer və tağbəndlər köhnə suvaqdan təmizlənib.
Kompleksin şimal-qərb fasadları qarşısında 175 metr məsafədə 2,5 metr hündürlüyündə istinad divarları hörülüb. Ərazidə 5 min 280 kvadratmetr sahəyə kərpic döşənib, 3 min 82 kvadratmetr sahəyə yeni tirlər qoyulmaqla taxta döşəmə vurulub. Eyvanlar bərpa olunub, 8 tay darvaza, 170 pəncərə, 128 qapı yenilənib. Bundan başqa, kompleksdə 32 eyvan tağı bərpa edilib. Burada ümumilikdə, zirzəmi də daxil olmaqla 253 otaq var.
Diqqətə çatdırılıb ki, “Aşağı Karvansaray” kompleksində aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 60-80 nəfərlik mehmanxananın tikilməsi nəzərdə tutulur. Kompleksdə ilk dəfədir ki, bu cür əsaslı təmir-bərpa işləri həyata keçirilir.
Prezident İlham Əliyev tikinti və bərpa işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsinə, eləcə də karvansaranın gələcəkdə istifadəsinə dair tapşırıq və tövsiyələrini verib.
DOSTLARINLA PAYLAŞ: