Prezident Administrasiyasının rəsmisi ATƏT-in təklifinə təəccüblənib
18 May 2010 Çərşənbə Axşamı 13:05
"Mən təəssüf və təəccüb edirəm ki, ATƏT yenidən seçki komissiyaları məsələsini gündəliyə gətirir".
"Mən təəssüf və təəccüb edirəm ki, ATƏT yenidən seçki komissiyaları məsələsini Azərbaycan hökuməti qarşısında gündəliyə gətirir". Bunu Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev bildirib.

Onun fikrincə, seçki komissiyalarının indiki formatı elə vaxtı ilə ATƏT-lə gərgin və uzunmüddətli məsləhətləşmələrdən sonra formalaşdırılıb. Şahin Əliyev seçki komissiyalarının sırf bitərəflərdən formalaşması ilə bağlı səslənən təklifdən də təəccübləndiyini bildirib.

Onun sözlərinə görə, hələ 2002-ci ildə hökumətlə IFES təşkilatı birgə seçki komissiyalarının yeni formatını işləyib hazırlayıb. Bu formata görə, komissiya üzvləri bitərəflərdən formalaşmalıydı. Şahin Əliyev qeyd edib ki, məhz o vaxt ATƏT bu formatı qəbul etməyib: "Mən təəccüb edirəm ki, bu bitərəflər məsələsi yenidən ATƏT tərəfindən qaldırılır. Halbuki o vaxt onların imkanı var idi ki, bu məsələni qəbul etsinlər".

Şahin Əliyev deyib ki, seçki komissiyalarının dəyişdirilməsi məsələsinin arxasında analitik təhlil durmalıdır:
"Bilinməlidir ki, bu dəyişikliklər gələcək seçkilərə nə verəcək". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar