Politoloq: İran sonda niyyətlərindən əl çəkəcək
11 Oktyabr 2011 Çərşənbə Axşamı 22:07
Ekspertlər Qərbin Tehrana qarşı sanksiyalarının müsbət nəticələr verəcəyinə ümid edir.
Avropa İttifaqı İrana qarşı yeni sanksiyaları qəbul edib. Qurumun xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Lüksemburqda xarici işlər nazirlərinin görüşündə bildirib ki, sanksiyalar insan haqlarının pozulması və müxalifətin təqib edilməsinə görə məsuliyyət daşıyan İranın 29 yüksək rütbəli məmuruna aid edilib. Sanksiyalar həmin şəxslərin hesablarının dondurulması və viza qadağalarını əhatə edəcək. Onlar Avropa İttifaqı ölkələrinə buraxılmayacaq.

Ekspertlər Qərb dövlətləri tərəfindən İrana tətbiq edilən bu cür sanksiyaların birbaşa İranın nüvə proqramına zərbə endirmək üçün nəzərdə tutulduğunu qeyd edir. Onlar bu sanksiyaların sonda müsbət nəticələr verəcəyinə ümid bəsləyir.

Politoloq Rasim Musabəyovun sözlərinə görə, ilbəil neftin istehsalı aşağı düşür: “İran özünü benzinlə təmin edə bilmir. Ona görə ki, bunun üçün müasir neftayırma zavodu tikmək lazımdır. Bunu isə İran bacarmır. Bunlar hamısı fakt kimi ortadadır”.

R.Musabəyov hesab edir ki, mütləq şəkildə bunun acı təsirlərini İran rəhbərliyi çəkəcək: “İran təhlükəli nüvə texnologiyalarından nəzarətsiz fəaliyyət niyyətindədir. Sonda o niyyətlərindən əl çəkəcək”.

Qeyd edək ki, 4 gün öncə Avropa İttifaqı İranın xarici işlər naziri Əli Əkbər Salehi, Atom Enerjisi Agentliyinin rəhbəri Firudin Abbasi-Davani və neft naziri Rüstəm Qasemiyə tətbiq edilmiş sanksiyaları aradan qaldırıb.

Avropa İttifaqının İrana tətbiq etdiyi sanksiyalar iqtisadi və ticarət sanksiyalardan ibarət olub və İranın nüvə proqramının qarşısını almağa yönəlib. Rəsmi Tehran isə nüvə proqramlarının sülh məqsədilə həyata keçirildiyini, Qərbin iddia etdiyi kimi kütləvi qırğın silahları istehsal etmədiyini bildirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar