Polad Bülbüloğlu: "İstənilən təcavüz şərəfsiz sonluğa məhkumdur"
12 May 2010 Çərşənbə 17:35
Rusiyadakı səfirliyimiz Ermənistanın Moskvadakı səfirliyinin bəyanatına cavab verib.
Azərbaycanın Rusiyadakı səfirliyi “Reqnum” informasiya agentliyində dünən Ermənistanın Moskvadakı səfirliyinin mətbuat xidmətinə istinadən səfir O. Yesayanın verdiyi bəyanata cavab bəyanatı ilə çıxış edib.

Səfirlikdən verilən məlumata görə, Azərbaycan səfirliyi Ermənistan səfiri Yesayanın bəyanatını absurd adlandırıb. Bəyanatda deyilir: "Ola bilsin ki, adı çəkilən diplomat, Böyük Vətən Müharibəsi veteranları ilə görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun dediyini rus dilində oxumaq və anlamaq iqtidarında deyil. Ola bilsin, Azərbaycan tərəfinin mövqeyini bu cür təhrif olunmasına gətirən başqa səbəblər də var.

İstənilən halda, bir daha vurğulamaq lazımdır ki, Azərbaycan bütün səviyyələrdə – ölkə rəhbərliyindən başlayaraq geniş vətəndaş cəmiyyətinədək, dəfələrlə bəyan edib ki, münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır. Lakin Azərbaycan açıq və aydın bəyan edir ki, bu danışıqlar nəticə vermədiyi halda, öz ərazilərinin azad etmək onun öz hüququdur. Heç bir özünə hörmət edən diplomat Vətəni müdafiə etməyin dövlətin suveren hüququ olduğuna şübhə ilə yanaşmaz. Bu, BMT-nin Nizamnaməsində də əks olunub və onu heç kim şübhə altına ala bilməz.

Bu hüququn realizə olunması və Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunması çağırışları heç cür müharibə çağırışları kimi qəbul oluna bilməz. Amma, ola bilsin ki, adı çəkilən şəxs bu həqiqətləri anlamaqda çətinlik çəkir.

Azərbaycanın münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesində konstruktiv iştirakı, onun vətəndaş cəmiyyətinin nümayəndələrinin, ilk növbədə ziyalılarının Ermənistan ictimaiyyətinin sağlam düşüncəli nümayəndələri və ziyalıları ilə dialoqa hazır olduqlarını əməldə nümayiş etdirməsi, Azərbaycan tərəfindən xoş məramın ən yaxşı sübutudur.

Lakin Qarabağın azərbaycanlı əhalisinə divan tutmaqları və Azərbaycan torpaqlarını zəbt etməkləri ilə fəxr edən O. Yesayanın və digər müharibə təhrikçilərinin təxribatçı bəyanatları beynəlxalq səviyyədə – Avropa Şurasından BMT-yə qədər təkcə qəzəb və hiddət doğurmur, həm də münaqişənin nizamlanması ilə bağlı səyləri ləngidir. Ola bilsin ki, Azərbaycana qarşı təcavüzkar müharibəni başlamış qüvvələrin nümayəndələri müharibənin bərpa olunacağı halda hansısa mənfəət gözləyirlər. Amma bu ümidlər puça çıxacaq, faşizm üzərində Qələbənin 65 illiyi ilə bağlı tədbirlərin keçirildiyi günlərdə müharibə təhrikçiləri başa düşməlidirlər ki, istənilən təcavüz şərəfsiz sonluğa məhkumdur". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar