PFL Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
25 Fevral 2011 Cümə 20:16
"Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir".
Peşəkar Futbol Liqası Xocalı Soyqırımının 19-cu ildönümü ilə bağlı bəyanat yayıb. PFL-dən ANS PRESS-ə daxil olan bəyanatın mətnində deyilir ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. "XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. İnanırıq ki, beynəlxalq ictimaiyyət bu dəhşətli faciəyə hüquqi qiymətin verəcək və cinayətkarlar layiqli cəzalarına çatacaqlar. Azərbaycan xalqı Xocalıda törədilən bu vəhşiliyi heç vaxt unutmayacaq və orada şəhid olmuş soydaşlarımızı daim yad edəcək”, - deyə sənəddə bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar