“Pensiyaların sığorta hissəsinin indeksləşməsi həyata keçiriləcək”
01 Fevral 2012 Çərşənbə 12:04
Bunu DSMF sədri Səlim Müslümov deyib.
"Yaxın vaxtlarda Azərbaycanda 2011-ci ilin istehlak qiymətləri indeksinə uyğun olaraq pensiyaların sığorta hissəsinin indeksləşməsi həyata keçiriləcək". Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatına görə, bu fikirləri Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşü çərçivəsində jurnalistlərə açıqlamasında qrumun sədri Səlim Müslümov bildirib.
S.Müslümov bununla bağlı DSMF-nin Dövlət Statistika Komitəsinə müraciət etdiyini deyib. 2011-ci ilin istehlak qiymətləri indeksini aldığını deyən sədrin sözlərinə görə, yaxın günlərdə bununla bağlı qərarın qəbul edilməsi gözlənilir.
”Ötən il ölkədə istehlak qiymətləri indeksi 7,9 faiz təşkil edib. Bu da onu deməyə əsas verir ki, pensiyaların sığorta hissəsini yanvarın 1-dən 7,9 faiz artırılacaq”, - deyə S.Müslümov vurğulayıb.
Qeyd edək ki, Səlim Müslümovun sözlərinə görə, növbəti artımlar daxil olacaq məcburi sosial sığorta haqlarının məbləğindən asılı olacaq.
DOSTLARINLA PAYLAŞ: