Paytaxtda avtobusların iş qrafiki qısaldıldı
02 Fevral 2012 Cümə Axşamı 11:52
"Yeni və Köhnə Günəşli, Hövsan, Əhmədli, Zığ və digər qəsəbələr ətrafı avtobuslar işləməyəcək".
Havanın şaxtalı və çovğunlu olması ilə əlaqədar Bakıda şəhərdaxili marşrutlarda işləyən avtobusların sayı üç dəfə azaldılıb. Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirib ki, bu gün şəhər daxilində 720-yə yaxın avtobus marşrutlara buraxılsa da, onlardan 300 avtobus sonradan geri qaytarılıb. İşləyən avtobuslar əsasən şəhərin mərkəzi və aşağı (dağlıq olmayan) hissələrini əhatə edir.

“Avtobusların işləməməsinin səbəbi yolların buz bağlaması və təhlükəsizliklə bağlıdır. Yeni və Köhnə Günəşli, Hövsan, Əhmədli, Zığ və digər qəsəbələr ətrafı avtobuslar işləməyəcək. Hövsan-Zığ istiqamətində isə tunel qarla dolub deyə işləmək çətindir. Ona görə də həmin avtobuslar qaraja qaytarılıb”.

Namiq Həsənovun sözlərinə görə, hava şəraitilə əlaqədar avtobusların iş qrafiki bu gün bir qədər də qısalacaq. Havaların kəskin soyuqlaşdığı və qar yağdığı son bir neçə gün ərzində şəhərdaxili marşrutlarda avtobuslar saat 22:00-dək işləyib. Bu gün isə avtobuslar saat 20:00-dək işləyə biləcək”.

Qeyd edək ki, adi günlərdə paytaxtdaxili marşrutlarda 2300-2400 avtobus işləyir.

Nazirlik rəsmisi bildirib ki, nazirliyin tabeliyində olan yollarda texnikalar işləsə də, bunun heç bir faydası yoxdur. Hazırda 100-ə yaxın texnikamız yolları təmizləyir. Lakin təmizlənən yollar yarım saatdan sonra yenə də qarla bağlanır.

Sonda Namiq Həsənov vətəndaşlara müraciət edərək bildirib ki, mümkün qədər yollarda az hərəkət etsinlər. İctimai nəqliyyatdan az istifadə etsinlər.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin “Qaynar xətt”ini də xatırladıb: (012) 562-77-02, (012) 431-74-37.


DOSTLARINLA PAYLAŞ:

oyunlar