Ölkənin bir sıra partiyaları aprelin 30-da Azərbaycan Neft Akademiyasında baş vermiş qətliamla bağlı bəyanatlar yayıblar.
Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) baş vermiş olayı faciə kimi dəyərləndirib, faciəyə qiymət vermək üçün istintaqın nəticəsini gözləməyi zəruri sayıblar. Baş vermiş hadisəni «bir dəlinin törətdiyi kütləvi qətl» sayan müəlliflər «bəzi sağ qüvvələrin lüzumsuz və qeyri-sağlam qalmaqal yaratmaq» istəyilə razı olmadıqlarını bəyan edirlər. Son olaraq, müəlliflər tədris ocaqlarının təhlkəsizliyini gücləndirməyi təklif edir və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirlər.
Milli Demokrat Partiyası da (AMDP) baş vermiş olayı faciə adlandırır, cinayətin açılması üçün hüquq-mühafizə qurumlarına yardım etməyə hazır olduqlarını bildirirlər. Müəlliflər həlak olanların ailələrinə başsağlığı verirlər.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) baş verənləri terror aktı adlandırır. Müəlliflər son günlər Türkiyədə törədilən terrorlara diqqət çəkərək, bu terror aktının törədilməsində də xarici faktoru istisna etməyi əsaslı görmür və müəlliflər həlak olanların ailələrinə başsağlığı, yaralılara şəfa diləyirlər. /Turan/