Parisdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
09 Dekabr 2009 Çərşənbə 19:15
İlham Əliyev Fransa Milli Assambleyasının sədri ilə görüşü zamanı Qarabağ nizamlanmasından danışıb
Fransada səfərdə olan prezident İlham Əliyev Fransa bu gün Fransa Milli Assambleyasının sədri Bernar Akoyerlə görüşüb. Görüş zamanı İlham Əliyev əmin olduğunu vurğulayıb ki, bu səfər münasibətlərimizin inkişafında mühüm addım olacaq. "Ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edir, geniş sahələri əhatə edir" deyən dövlət başçısı əlaqələrimizin gələcəkdə də möhkəmlənəcəyini vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlər çoxşaxəlidir. "Siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimiz güclənir. Parlamentlərarası əməkdaşlığa böyük əhəmiyyət veririk və bu səfər uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin perspektivlərini və həmin sahədə konkret addımları nəzərdən keçirmək üçün yaxşı imkan yaradır", - deyə prezident bildirib.
Prezident İlham Əliyev həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların vəziyyəti və perspektivləri barədə söhbət açıb.
Öz növbəsində Bernar Akoyer qeyd edib ki, Fransa Azərbaycana və prezident İlham Əliyevin fəaliyyətinə maraq göstərir. Parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyini bildirən Bernar Akoyer parlametlərarası əməkdaşlığın inkişafı üçün öz tərəfindən bütün səyləri əsirgəməyəcəyini deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: