Pakistanda Novruz bayramı qeyd olunub
22 Mart 2012 Cümə Axşamı 10:54
Azərbaycanın Pakistandakı səfirinin iqamətgahında Novruz bayramı ilə əlaqədar təntənəli mərasim keçirilib.
 Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Məlumata görə, tədbirdə Pakistan senatının yeni seçilmiş sədr müavini Sabir Əli Bəluc, hakim Pakistan Xalq Partiyasının baş katibi senator Cahangir Bader, Pakistan ticarət və sənaye palatalarının prezidenti, İslam ölkələri ticarət və sənaye palatalarının vitse-prezidenti, senatın rabitə və yayım komitəsinin sədri senator Hacı Qulam Əli, Avami Milli Partiyasının vitse-prezidenti və senatda həmin partiyanın lideri senator Hacı Adil, Pakistan Müsəlman Liqası partiyasının Baş Katibi, senator Müşahid Hüsseyn, Pakistanın tanınmış ictimai-siyasi xadimi, uzun müddət neft naziri, ticarət naziri və senatın xarici əlaqələr komitəsinin sədri olmuş Səlim Seyfulla Xan, İslamabad şəhərinin icra hakimiyyətinin başçısı Tarik Pirzadə, Türk dilli ölkələrin Pakistandakı səfirləri, Kayde Azam, Müasir Dillər, Preston Universitetlərinin rektorları, Pakistanın tanınmış dövlət və hökumət xadimləri, alimlər və iş adamları iştirak ediblər.

Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov qonaqları salamlayaraq Novruzun yüz illər tarixinə malik olduğunu bildirib, bolluq, bərəkət və xeyirxahlıq rəmzi olan bu bayramın Azərbaycanda yüksək səviyyədə qeyd olunduğunu deyib.
Səfir Novruz bayramının Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına salındığını qonaqların diqqətinə çatdırmışdır.

Daha sonra Səfir, Azərbaycan-Pakistan münasibətlərindən söz açıb, Pakistanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini, həmçinin Pakistanın qanunverici orqanı tərəfindən Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsini Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək Pakistan dövlətinə və xalqına dərin minnətdarlığını bildirib.

Tədbir iştirakçıları adından çıxış edən Pakistan senatının sədr müavini Sabir Əli Bəluc Azərbaycan prezidenti İlham Əliyevi, Pakistana diqqət və qayğısını əsirgəməyən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.
Senatın sədr müavini əmin edib ki, tutduğu vəzifədə çalışdığı dövrdə iki qardaş xalqların biri birlərinə daha da yaxınlaşması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Pakistanın Müasir Dillər Universitetində və Marriot otelində də Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar