Öz gözünə tiri görməyən Ermənistan başqasında çöp axtarır
29 Yanvar 2011 Şənbə 16:45
Erməni deputat həddini aşdı.
Ermənistanın “İrs” fraksiyasından olan deputat Zauri Postancyan Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında “Ermənistan, Gürcüstan, Azərbaycan və Türkiyə hakimiyyətlərinin İnsan Haqları üzrə Avropa Məhkəməsinin söz azadlığına dair qərarlarına əhəmiyyət verməməsi barədə” mövzu ilə çıxış edib. Ermənistan mətbuatının məlumatına görə, erməni deputat çıxışının Azərbaycanla bağlı hissəsində bildirib ki, jurnalist Eynulla Fətullayev Azərbaycanın Cinayət Məcəlləsinin bir neçə bəndi ilə ittiham olunub və azadlıqdan məhrum edilib və Avropa İnsan Haqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixində jurnalistin məhkum edildiyi ittihamın Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsini pozmasına dair yekdil qərar qəbul etməsinə baxmayaraq hələ də həbsdə saxlanılır. Onun sözlərinə görə, E. Fətullayev Azərbaycan hakimiyyətini sərt tənqid edib və 1992-ci il “Xocalı faciəsi” ilə bağlı başqa fikir səsləndirərək Azərbaycan hakimiyyəti tərəfindən illər ərzində yayılan yalan informasiyanı təkzib edib.

Maraqlıdır ki, 1999-cu ildə Ermənistan parlamenti güllələndi və məsələ də elə birdəfəlik gündəmdən çıxdı. Oktyabrın 27-də parlament cari məsələləri müzakirə edəndə zala daxil olan silahlılar Baş nazir Vazgen Sarkisyan, spiker Karen Demirçyan və daha 6 nəfəri öldürmüşdülər. Bu hadisənin arxasında kimin durduğu indiyədək açıqlanmayıb, amma bir şey məlumdur ki, həmin hadisədən sonra Ermənistanda avtoritar rejim bərqərar oldu. Necə deyərlər, Ermənistan iqtidarı özünü lazım olan adamlara göstərdi. Amma bu günədək heç bir erməni deputat bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməyib.

Zauri Postancyan Ermənistandakı vəziyyətə toxunarkən nədənsə elə də çox uzaq keçmişdə baş verən bu hadisəni unudur və yalnız "A1+" telekanalının hələ də yayımını bərpa etmədiyini deməklə kifayətlənir. Əgər bu məsələ həqiqətən də Ermənistanın daxili işidirsə və bunun beynəlxalq müstəviyə çıxarılması önəmli deyilsə, onda erməni deputat niyə Azərbaycanın daxili işinə qarışır? Axı E. Fətullayev güllələnməyib. O, Azərbaycan qanunvericiliyini pozduğuna görə həbs edilib və bu məsələ də Azərbaycan qanunvericiliyinin əsasında həll ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar