Övladlar ana harayına yürüdü
27 Fevral 2012 Bazar Ertəsi 21:49
Bir neçə gündür ki, Azərbaycanda Xocalı ruhu dolaşır…
Bir neçə gündür ki, Azərbaycanda Xocalı ruhu dolaşır… Bu, Xocalı qurbanlarının ruhudur. Bu ruhların arasında körpə də var. Qadın da, cavan da var, qoca da.
Və Azərbaycan prezidenti İlham Əliyevin başçılığı altında yürüşə çıxan 65 mindən artıq insanın başı üstündə, böyür-başında bəlkə o ruhlar da uçuşurdu. Dövlət başçısının şəxsən rəhbərlik etdiyi bu yürüşün və ya bu yürüşə şəxsən prezidentin başçılıq etməsinin bir neçə mənası ola bilərdi.
Birincisi, dövlət başçısı Qarabağ məsələsində ondan güzəşt tələb edənlərə öz tutduğu yolu göstərdi və işarə vurdu ki, bu yolda onun ardınca gedənlər sadəcə hamı olacaq.
İkincisi. Ana harayına dövlət və xalqın bir statusda - adicə piyada yerişi ilə addımlaması, Qarabağ yolunda hamının eyni imkan və rütbə daşıyıcısı olması mənasına gəlirdi. Prezident də, baş nazir də, Prezident Adminstrasiyasının rəhbəri də, nazirlər də, millət vəkilləri də sadəcə bir yerdə idi. Ali Baş Komandanın arxasında. Bir ailə kimi. Bir küll halında və tam tərkibdə xalq olaraq...
Üçüncüsü, bu yürüş “zaman ən yaxşı loğmandır” atalar sözünün tutarlı təkzibi idi. Əksinə möhtəşəm mənzərə ondan xəbər verirdi ki, zaman unutmaq yox, yadda saxlamaq fürsətidir və Xocalıda həm sadəcə qurban gedənləri, həm də erməni-rus silahlı qüvvələri ilə qeyri-bərabər döyüşdə şəhid olanları unutmayanların sayı getdikcə artır.
Dördüncüsü, bu addımlar rəmzi olaraq ana harayına doğru atılsa da, əslində bir çox istiqamətlərin əksinə idi. Azərbaycanın iradəsini boğmaq istəyənlərə, müstəqillik yolundan onu zorla daşındırmaq istəyənlərə qarşı. Bu güc nümayişi deyildi, bu bir ruh nümayişi idi ki, onun da bir ucu İstanbulun Taksim meydanında kükrəyən başqa bir əzəmət selinə gedib çıxırdı.
Zəminxarə daha sümüyə düşmür... Amma on minlərlə qəzəbli insanın tutduğu yolu, tez-tez şahə qalxan dəlisov şüarları içində kədər və ağı daşıyan zəminxarə muğamı müşayiət edirdi…
Əlbəttə pis musiqi deyil. Kədərli və ağlamalıdır.
Amma indi gəlin bir anlığa musiqini dəyişək və bu addımlara yenidən baxaq. Məncə Uvertüra yürüşün adına yaraşan, yerinə düşən layiqli səs tərtibatı olardı…
DOSTLARINLA PAYLAŞ: