Ötən illər ərzində 400-dən çox iranlı məhkum öz ölkəsinə təhvil verilib
30 İyul 2012 Bazar Ertəsi 12:00
Bu prosesin dayandırılması barədə İran rəsmilərinin mətbuata verdikləri açıqlamaların heç bir əsası yoxdur.
“Hazırda cəzaçəkmə müəssisələrində 160-a yaxın iranlı məhkum var, İranda isə 20-dək azərbaycanlı məhkumun ola biləcəyini ehtimal edirik”
Bakı. Şəhriyar Əlizadə-APA. “Azərbaycan və İran İslam Respublikası arasında məhkumların təhvil verilməsi haqqında 1998-ci ildə bağlanmış müqavilə hazırda qüvvədədir”. Bu açıqlamanı APA-ya Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi Zavər Qafarov verib.
Z. Qafarov hazırda Azərbaycandakı cəzaçəkmə müəssisələrində olan iranlı məhkumların əksəriyyətinin narkotik qaçaqmalçılığı və satışı ilə əlaqədar mühakimə olunduqlarını bildirib: “Azərbaycandakı cəzaçəkmə müəssisələrində 160 nəfərə yaxın iranlı məhkum var. İranda olan azərbaycanlı məhkumların sayına gəldikdə isə 2012-ci ildə İran tərəfi bizə rəsmi məlumat verərək, barəsində məhkəmə hökmü çıxarılan azərbaycanlı məhkumların sayının 6 nəfər olduğunu bildirib. Lakin bizim ehtimalımıza görə, İranda həm istintaq təcridxanasında saxlanan, həm də barələrində hökm çıxarılan 20-yə yaxın azərbaycanlı məhkum ola bilər. Bu il ərzində İranla Azərbaycan arasında məhkumların öz ölkələrinə təhvil verilməsi prosesi baş verməyib. Lakin əvvəlki illərdə bu proses həyata keçirilib. Ötən illər ərzində 400-dən çox iranlı məhkum öz ölkəsinə təhvil verilib. Həmçinin İran tərəfi 51 azərbaycanlı məhkumu təhvil verib. Yaxın vaxtlarda da məhkumların təhvil verilməsi prosesinin həyata keçirilməsi üçün işlər görülür. Bu prosesin dayandırılması barədə İran rəsmilərinin mətbuata verdikləri açıqlamaların heç bir əsası yoxdur. Həmin müqavilə hazırda qüvvədədir”.
Qeyd edək ki, Ərdəbil vilayətinin Ümumi və İnqilab Məhkəməsinin prokuroru Yusif Xudadadi “Səhər” kanalına verdiyi açıqlamada Ərdəbil həbsxanasında 4 Azərbaycan vətəndaşı olduğunu deyib: “Onlar narkotik qaçaqmalçılığı və casusluq ittihamı ilə saxlanılıb. İran bu məhbuslarla islam dini və əxlaqının tapşırıqlarına, ölkənin qanunlarına uyğun rəftar edir. Onlarla son dərəcə ehtiramla davranırıq. Biz onların ailələri ilə görüşməsinə icazə vermişik. Müraciət edən hər bir şəxs barəsində bu hüquqa riayət olunub”. Y. Xudadadi Azərbaycanla İran arasında məhbusların təhvil verilməsinə dair öhdəliklər olduğunu deyib və Azərbaycanı bu öhdəlikləri yerinə yetirməməkdə ittiham edib: “Bu öhdəliklər kağız üzərində qalmamalıdır. İndi Azərbaycanda 130 iranlı məhbus var. İran onların təhvil verilməsi üçün hazır olduğunu bəyan edib. Amma Azərbaycan bu məsələdə bizimlə əməkdaşlıq etmir”.
DOSTLARINLA PAYLAŞ: