Ötən ay Azərbaycandan 1047 əcnəbi çıxarılıb
06 Yanvar 2012 Cümə 16:20
Dekabrda 1247 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
2011-ci ilin dekabr ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 5842 müraciət daxil olub. ANS PRESS-in DMX-nın rəsmi saytına istinadla verdiyi məlumata görə, müraciətlər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı olub.
Həmçinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Keçirilmiş tədbirlər nəticəsində 1247 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 200 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 870 əcnəbi barəsində 48 saat ərzində ölkəni tərk etmə, 177 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
DOSTLARINLA PAYLAŞ: