Orta Asiya körpümüzü kim bağlayıb?
05 İyun 2012 Çərşənbə Axşamı 20:16
ANS PRESS Türkmənistana və Qazaxıstana bərə sərnişin daşımalarının iflasının sirlərini öyrənib.
Bakı Dəniz Vağzalının qapısından içəri girəndə, qarşılaşacağım mənzərəyə tam əmin idim: “İndi içəri girəcəm, solda kassalar, sağda restoran, ortada gözləmə salonunu görəcəm” deyə öz-özümə düşünürdüm. Həmişə belə görmüşdüm. Amma yeni təmirdən çıxmış və işıq diodu quraşdırılmış qapı açıldı və gözlərimə inanmadım: restoran yerindəydi, amma nə kassalar, nə də gözləmə salonunun stolları var idi. Ortada dayanmış gənc mühafizə işçisi dərhal yaxınlaşdı: “Nə lazımdır?”. Qayıtdım ki, Aktauya biletin qiyməti ilə maraqlanıram. “Aktauya biletin bura nə dəxli var?”- deyə soruşdu. “Həmişə burada satılıb, camaat bileti buradan alırdı, burada salonda gözləyirdilər və sonra gəmiyə, ya bərəyə minib yola düşürdülər. Başqa necə ola bilər ki?” - deyə soruşdum. Mühafizəçi and-aman elədi ki, beş ildir burada işləyir, amma burada sərnişin görməyib: “Burada yalnız otel və restoran var”. Yenə soruşdum: “Yaxşı, bəs binanın üzərində niyə “Dəniz Vağzalı” yazılıb?” Qayıtdı ki, sadəcə otelin adı belədir.
Çölə çıxdım və nisbətən yaşlı bir adamdan bərə biletlərini haradan almağın mümkünlüyünü soruşdum. “Kassaları Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə körpüsünün yanına köçürüblər. Camaat bileti elə mindiyi yerdən alır. Bir neçə ildir ki, belədir”,- deyə yaşı 35 ətrafında dəyişən kişi bildirdi. “Orda yeni bina tikiblər? Buranı nə edəcəklər, sökəcəklər?» - deyə soruşdum. «Orda nə var, özünüz görəcəksiniz. Amma buranı heç vaxt sökməzlər - çox gəlirli yerdir”, - cavabını aldım.
İki kilometr aralıda yerləşən körpünün yanında açılmış kassanın ətrafı sovet dövrünün sənaye zonalarının mənzərəsini xatırladırdı. Ana yoldan ayrılan dar küçədə dəmir yolunun yanı ilə xeyli getdikdən sonra əvvəl zibillik, sonra isə bərə kassası gəlirdi. Kassadan çıxan üç Orta Asiya geyimli qadın dilxor görünürdü. Sonra biri sifətini turşutdu və kürdcə “sə leş”, yəni “it leşi” sözlərini dedi. Qadının sözündə gerçəklik var idi, yaxınlıqdakı zibillikdən it leşi qoxusu gəlirdi. Amma kassaya yaxınlaşanda, qadının dilxorçuluğunun kökündə təkcə it leşi durmadığı aydın oldu - həmin gün Aktauya bərə çıxsa da, sərnişinlərə bilet satılmasına icazə verilmirdi. Kassir “yük sahibi belə istəyir, biz bilet sata bilmərik”,- deyə bildirdi. Deməli, orta asiyalı bu qadınlar Bakıda hələ bir 5-6 gün də qalmalı idilər.
Kassir qadının sözlərinə görə, artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanından mütəmadi reyslər həyata keçirilmir. “Yük olandan olana Qazaxıstanın Aktau (keçmiş Şevçenko) limanına və Türkmənistanın Türkmənbaşı (keçmiş Krasnovodsk) limanına bərələr hərəkət edir, onda da imkan düşən kimi sərnişinlərə də bilet satırıq”. Qadının dediyinə görə, Türkmənbaşıya ümumiyyətlə gedən çox az olur, Aktauya isə hər bərəyə 5-6 nəfər sərnişin tapılır. Bərələr də təxminən həftədə bir dəfə yola düşür.
Beləliklə, bir vaxt Orta Asiyaya ən qısa yol sayılan və çoxlarının məcazi şəkildə Bakı-Türkmənbaşı və Bakı-Aktau körpüsü dediyi bərə yolu tarixə qovuşmaqdadır. Sovet illərində Türkmənistanın Krasnovodsk limanına hər gün bərə yola düşürdü və hər gün minə yaxın sərnişin Xəzərin o tayına yola düşürdü. Türkmənistandan Bakıya gələnlər də yetərincə idi. Məsələn, Türkmənistanın Kızıl-Arvat, Krasnovodsk kimi əyalət şəhərindən məktəblilər belə Bakıya gəzməyə gələrdidər və hətta Bakıda kinoya gedərdilər. İndi isə bu yolla gedib-gələnlərin, yük göndərənlərin sayı getdikcə azalmaqdadır. Bərələr isə əsasən Xəzərin şərq sahilindən neft daşıyır. Bunu rəsmi statistikadan da görmək olur. Məsələn, 2011-ci ildə Türkmənistandan gətirilən yüklər 2010-cu ilə nisbətən cəmi 10 faiz azalıbsa, Türkmənistana yola salınan yüklər 5 dəfə, yəni 80%-ə qədər azalıb.
Dəniz daşımalarını həyata keçirən Xəzər Dəniz Gəmiçiliyi İdarəsində (XDGİ) bunu təbii sayırlar. “Camaat artıq Orta Asiyaya təyyarə ilə getməyə üstünlük verir. Dəniz daşımaları uzun çəkir, çox adam gəmi səfərinə dözmür, Aktauya kimi yol 20 saat çəkir. Həm də qarşı tərəflərin infrastrukturu yetərincə deyil - Aktauda bir körpü var, bizim bərənin həmin körpüyə yan alması bəzən saatlarla çəkir. Təbii ki, sərnişin də bərədə oturub bunu gözləyir. Belə narahatçılıqlar Türkmənistan tərəfdə də mövcuddur”,- deyə XDGİ mətbuat xidmətinin başçısı Vüqar Sadıqov bildirdi.
Vüqar Sadıqov Orta Asiyaya bərə daşımalarının bu səviyyədə azalmasında ən böyük günahı Türkmənistanda görür: “Bu ölkə bizim vətəndaşları ərazisinə vizasız buraxmır. Ona görə də bərə ilə gedənlərin sayı sıfıra düşdü. Türkmənistan hətta bizim matrosları belə limana buraxmır, gəmidə oturmağa məcbur olurlar”. XDGİ rəsmisinin dediyində gerçəklik var. ANS PRESS-in araşdırmasına görə, Azərbaycan vətəndaşının Türkmənistandan viza alması qeyri-mümkündür. Həmin vizanı almaq üçün Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşına dəvətnamə göndərməlidir. Həmin dəvətnamənin göndərilməsi üçün Türkmənistanda yaşayan vətəndaş öz ölkəsinin XİN-ə müraciət etməlidir. Vizalar da elə ucuz deyil, müddətindən asılı olaraq 150 dollardan 1000 dollara qədər dəyişir. Təbii ki, belə olan şəraitdə Azərbaycan vətəndaşının Türkmənistan sərhədini keçməyə heç bir imkanı qalmır.
Lakin XDGİ rəsmisi bunları deyəndə bir şeyi unudur ki, artıq Azərbaycan vətəndaşları Orta Asiya ilə əlaqələri Qazaxıstanla, xüsusilə də onun Aktau şəhəri ilə qururlar. Orta Asiyada yaşayan kürd əsilli və Axısqa əsilli vətəndaşlar hətta Özbəkistana belə Aktaudan keçərək gedirlər. Bu camaatın dediyinə görə, bərə olmayanda, qatarla Həştərxana, oradan da Aktauya gedirlər, daha sonra yolarına davam edirlər. “Tutaq ki, Çimkəndə və ya Ürgəncə getmək istəsəm, Daşkəndə və ya Almatıya uçmağın nə önəmi var. Təxminən eyni yolu qatarla, ya da avtobusla geri qayıtmalısan. Ən rahatı Aktau yoludur”,- deyə axısqalı bir gənc bizə bildirib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanın ANS PRESS-in əməkdaşı ilə söhbət etmiş yaşlı bir işçisi də eyni sözləri deyir. O, həm də bərə daşımalarında sərnişin biletlərinin indi çox baha olduğunu söyləyir: “Sovet vaxtı bərəyə bilet 4 rubl idi, kayutda getmək istəyəndə isə bunun üstünə 2 rubl da qoymalı idin. O vaxt Gəncəyə də qatarla təxminən bu qiymətə getmək olurdu. Bərəni sərnişinlər üçün ona görə ucuz edirdilər ki, əsas pulu yük daşımalarından götürürdülər. İndi də bərə əsas pulu yük daşımasından götürür. O zaman Aktauya bileti 80 manat edib, bərələri boş yola salmağın nə mənası var? Bəlkə də 20-30 manat etsələr, camaatı yenə bərəyə qaytarmaq olar”.
Onun sözlərinə görə, camaatı bərədən uzaq salan başqa bir amil Bakı Dəniz Vağzalının bərəyə xidmət göstərməməsidir: “Əvvəllər əyalətlərdən, Gürcüstandan gələn adamlar dəniz vağzalında bilet alardılar, vağzalda bəzən 1-2 gün gözləyib bərə ilə gedərdilər, çünki şərait var idi. Camaatı bərəyə xüsusi avtobuslar aparırdı. İndi bərə körpüsünün yanında hansı şərait var ki, camaat oturub gözləsin? Ona görə də hamısı dəmir yoluna üz tutur”.
DOSTLARINLA PAYLAŞ: