Onlarla işğalçı məhv edilib
07 Avqust 2014 Cümə Axşamı 00:46
Azərbaycan Ordusu düşmənə çox böyük zərbə vurub, onlarla işğalçı məhv edilib.
Son günlər təmas xəttində ordumuzun verdiyi şəhidlərin qanı yerdə qalmayıb. Azərbaycan Ordusu düşmənə çox böyük zərbə vurub, onlarla işğalçı məhv edilib.
ANS TV-nin məlumatına görə, ötən gün Ağdamda ön cəbhəyə baş çəkən Ali Baş Komandan İlham Əliyev deyib ki, ermənilər həmişə olduğu kimi öz itkilərini gizlədirlər, həqiqət budur ki, həmin hadisələrdə yenə də Azərbaycan Ordusu üstün olub və biz qələbə qazanmışıq. Dövlət başçısı deyib ki, Ermənistan ordusunun aldığı zərbə onlara bir siqnal olmalıdır ki, münaqişənin həlli uzana bilməz.
Ali Baş Komandan İlham Əliyevin sözlərinə görə, bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır: “Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər”.
Ağdamda ictimaiyyət qarşısında çıxışında prezident deyib ki, məsələnin həlli 20 ildir ki, uzanır. Beynəlxalq ictimaiyyət bu məsələ ilə məşğul olmur. Vasitəçilər sadəcə olaraq nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyirlər.
İlham Əliyev qeyd edib ki, bizə deyirlər ki, müharibə etməyin, sülh yolu ilə həll edin: “Çağırışlar edilir. Böyük dövlətlərin başçıları açıq bəyanatlar verirlər ki, müharibə olmasın. Yaxşı, biz də istəmirik müharibə olsun. Amma gəlin, bunu həll edin. Bu sizin imkanınızdadır. Ermənistan asılı bir dövlətdir. Ermənistan öz hesabına yaşaya bilməz. Bu asılı olan dövlətə deyilə bilər ki, çəkil bu torpaqlardan. Bu nahaq işdir. Sən beynəlxalq hüququ, ədaləti pozursan. Amma deyilmir. Deyilir ki, gedin razılaşın. Amma necə razılaşaq ki, onlar torpaqlardan çıxmaq istəmirlər”.
Dövlət başçısının sözlərinə görə, son hadisə Qarabağ probleminin dondurulmuş münaqişə olmadığını göstərdi: “Ermənistanın havadarları, onlara ən çox dəstək verən dairələr, xarici ölkələrin dairələri, o cümlədən erməni diasporu başa düşməlidirlər ki, bu gün Ermənistan üçün çox böyük problemlər yarana bilər. Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
İlham Əliyev söylədi ki, biz müharibə şəraitində yaşayırıq: “Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz”.
Dövlət başçısı Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və orada şəhid olmuş Həsən Həsənovun nəşinin geri qaytarılması ilə bağlı Ağdam sakininin müraciətinə cavab olaraq deyib ki, bundan əvvəl də belə hadisələr olub. “Azərbaycan ordusunun zabiti Ramil Səfərovu vətənə qaytarmışıq, biz çalışacağıq ki, bu məsələ də həll olunsun”, - deyə İlham Əliyev bildirib.
DOSTLARINLA PAYLAŞ: