Ombudsmanın nümayəndələri müxalifət nümayəndələrinin saxlanma şəraiti ilə tanış olub
29 İyun 2011 Çərşənbə 16:41
Saxlanılanların bir çoxu barələrində aparılan istintaqdan narazı olduqlarını bildiriblər.
Ombudsman Aparatının əməkdaşları İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olublar. Bu barədə aparatın mətbuat xidmətindən bildirilib.
Ombudsmanın nümayəndələri istintaq altında olan bəzi şəxsləri qəbul edib və söhbət aparıblar. Müvəkkilin nümayəndələri digər şəxslərlə yanaşı, Azərbaycanın İslam Partiyasının (AİP) rəhbəri Mövsüm Səmədov, Müsavat partiyası aparatının rəhbəri Arif Hacılı, Müsavat partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı və ilahiyyatçı Taleh Bağırovla da görüşüblər. Söhbət zamanı həmin şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməmişlər. Saxlanılanların bir çoxu barələrində aparılan istintaqdan narazı olduqlarını bildiriblər.
Eyni zamanda Aparatın əməkdaşları istintaq təcridxanasının rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr veriblər.
Müsavat partiyasının fəalçıları Arif Hacılı və Tural Abbaslı aprelin 2-də Bakının mərkəzində icazəsiz etiraz aksiyasında iştirak etməklə əlaqədar saxlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: