Məsələ artıq hökumət səviyyəsində ciddi müzakirə olunur.
Ölkəyə geni dəyişdirilmiş bitkilər gətirənlərə qarşı iri məbləğdə cərimə tətbiq olunacaq. Bu məsələ artıq hökumət səviyyəsində də ciddi müzakirə olunur. Bəs görəsən əhali necə məhsul alarkən onun tərkibinə diqqət yetirirmi? Hazırda geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsi qadağan deyil. Bazarlarda da yerli məhsullar arasında bu cür mallara tez-tez rast gəlinir. Bu da ölkəyə geni dəyişdirilmiş bitki və şitillərin gətirilməsindən xəbər verir. Halbuki, 2011-ci ilin dekabrında qəbul edilən “Mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi haqqında” qanuna əsasən genetik ehtiyatların, yəni geni dəyişdirilmiş bitkilərin ölkəyə gətirilməsini qadağan edilir.
Yaxın günlərdə isə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə ölkəyə geni dəyişdirilmiş məhsulların gətirilməsini qadağan edən maddə əlavə oluna bilər. Təklif olunan cərimələr isə kifayət qədər çoxdur. Bu təkliflə Milli Məclisin Dövlət Quruculuğu və Hüquq Siyasəti Komitəsinin müavini Rafael Cəbrayılov bu cür aydınlıq gətirib: “Bu məbləğ fiziki şəxslər üçün 3 000 manata qədər, vəzifəli şəxslərə 10 000 manata qədər, hüquqi şəxslərə isə 50 000 manat müəyyənləşdirilib”.
Millət vəkili onu da qeyd etdi ki, yerli kənd təsərrüfatı məhsulları tərkib və keyfiyyətcə üstün olsa da, istehlakçıları qane edəcək səviyyədə deyil. Odur ki, bu sahədə ciddi tədbirlərə ehtiyac var: “Qızıl Əhmədi” almasına heç bir alma çatmaz. Amma baxın nə gündədir. Buna görə onun laborator və seleksiyasından tutmuş bir çox məsələlərə qədər ciddi tədbirlər görülməlidir”.
Ekspertlər ölkədə hələlik geni dəyişdirilmiş bitki və digər məhsulları müəyyən edə biləcək texniki avadanlığın, eləcə də bu sahədə mütəxəssislərin olmadığını desələr də, millət vəkili bu barədə problemin olmadığını bildirdi.