Oleq Ostapenko: Qəbələ RLS hələ Rusiyanın maraqlarına xidmət edə bilər
20 İyun 2012 Çərşənbə 15:14
Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı RLS-dən imtinanın dövlətin təhlükəsizliyinə zərər vurmayacağını deyib.
“Rusiyanın Azərbaycandakı Qəbələ Radiolokasiya Stansiyasından mümkün imtinası dövlətimizin təhlükəsizliyinə zərər vurmayacaq”.

APA-nın xəbərinə görə, bunu Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı, general-mayor Oleq Ostapenko deyib. O bildirib ki, hazırkı mərhələdə Rusiyanın Qəbələ RSL-dən imtina etməsi zərurəti yaranarsa və belə bir qərar qəbul olunarsa, bu elə ediləcək ki, dövlətin təhlükəsizliyi və müdafiə qabiliyyətinə ziyan dəyməsin: “Bu, bizim başlıca məqsədimizdir”.

General əlavə edib ki, Rusiyanın desimetrlik və metrlik diapazonlarda çalışan “Voronej” kimi yeni stansiyaları Qəbələ RLS-in yoxluğunu tam kompensasiya edə bilər: “Armavirdəki stansiyaya gəldikdə isə o, Qəbələ RLS-in vəzifələrini çox yüksək səviyyədə yerinə yetirə bilər”.

Armavir RSL-in doğrudanmı Qəbələ RLS-dən daha yüksək imkanlara malik olduğu haqda suala O. Ostapenko belə cavab verib: “Birmənalı şəkildə”.

Bununla yanaşı, komandan etiraf edib ki, Qəbələ RLS hələ Rusiyanın maraqlarına xidmət edə bilər: “Hansısa konkret vəzifəni yerinə yetirən istənilən obyektə tələbat olur”.

O. Ostapenko Qəbələ RLS-in taleyi ilə bağlı Rusiya və Azərbaycan arasında gedən danışıqlara dair suala konkret cavab verməyib: “Müvafiq qərarlar qəbul edilənə və biz bu qərarlara uyğun çalışmağa başlayana qədər mən bu barədə konkret heç nə deməyəcəyəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar