Obamanın Mübarəkin son bəyanatına münasibəti
11 Fevral 2011 Cümə 06:55
“Biz də istəyirik bütün misirlilər bilsinlər ki, Amerika Misirdə hüquqi və ədalətli bir keçidə dəstək vermək üçün hər şeyi edəcək”
Misirdəki hadisələr Birləşmiş Ştatlar prezidenti Barak Obamanın televiziya müraciətində də əsas yer tutub. Barak Obama Misirin çox mühüm dəyişiklər ərəfəsində olduğunu bəyan edib. O televiziya müraciəti zamanı köklü demokratik dəyişikliklər tələb edən Misir gənclərinə öz heyranlığını gizlətməyib. Obama Misirin keçid dövründə ABŞ-ın bu ölkəyə hər cür köməklik göstərməyə hazır olduğunu bildirib. Qeyd edək ki, onun günün ikinci yarısında Ağ Evdə öz müşavirləri ilə Misirlə bağlı məsləhətləşmələr aparacağı gözlənilir.
“Biz bu gün Misirdə baş verənləri diqqətlə izləyirik. Bir şey məlumdur ki, biz tarixi bir dəyişikliyin şahidi oluruq. Bu bir dəyişiklik, keçid anıdır və bu an ona görə baş verir ki, bunu Misir xalqı belə istəyir. Bu dəyişiklikdə Misir xalqının yaşından asılı olmayaraq bütün təbəqələri iştirak edir, lakin ön cəbhədə isə gənc nəsildir. Yeni bir nəsil. Sizin gəncləriniz səslərinin eşidilməsini istəyir. Biz də istəyirik ki, həmin insanlar, ümumilikdə bütün misirlilər bilsinlər ki, Amerika Misirdə hüquqi və ədalətli bir keçidə dəstək nümayiş etdirmək üçün hər şeyi edəcək. İndi isə baş verənləri izlədikdə anlayırıq ki, biz bir-biri ilə qarşılıqlı əlaqədə olan bir dünyada yaşayırıq”.
DOSTLARINLA PAYLAŞ: