Obamanın açıqlaması xalqların gələcəyinə zərbədir
25 Aprel 2011 Bazar Ertəsi 03:30
“Siyasi mənfəətlər hesablanaraq atılan bu addımlara baxmayaraq Ermənistanla ortaq gələcəyimizi yaratmaq səylərimiz davam edəcək”
Türkiyə Xarici işlər nazirliyi ABŞ prezidenti Barak Obamanın 24 aprel qondarma erməni soyqırımı barədə verdiyi açıqlamaya etirazını bildirib. Türkiyə XİN-in rəsmi internet saytında Obamanın açıqlamasının problemli olduğu, bunun təəssüflə qarşılandığı yazılıb. Açıqlamada həmçinin Obamanın iki millət arasında olan tarixin kədərli hissəsi ilə əlaqəli anlaşmazlıqda ermənilərin fikirlərini əks etdirən mövqe nümayiş etdirdiyi bildirilib: “Tarixi həqiqətləri saxtalaşdıran bu açıqlamanın problemli olduğunu bildirir, bunu təəssüflə qarşılayırıq. Barak Obama Türklərlə ermənilər arasındakı müştərək tarixin kədərli hissəsinə aid ixtilafda erməni fikirlərini əks etdirən mövqe nümayiş etdirib”.
XİN açıqlamasının davamında Obamanın bu mesajı daxili siyasi qayğılarla verdiyi, bunun türklərin və ermənilərin ədalətli qərar verməsini çətinləşdirməkdən başqa heç bir işə yaramadığı vurğulanır.
Aıqlamanın sonunda isə ABŞ-ın Türkiyə-Ermənistan arasındakı normallaşma prosesinə dəstək verməsi tələb olunur və Türkiyənin iki ölkə arasında ortaq gələcəyi yaratmaq səylərinin davam edəcəyi bildirilir: “Amerikadan Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi və tarixi fəaliyyətləri çətinləşdirməyi yox, asanlaşdırmayı gözləyirik. Tarixi kədərlər arasında tərəfkeşlik edən belə açıqlamalar sülhə və xalqların ortaq gələcəyinə zərbədir. Siyasi mənfəətlər hesablanaraq atılan bu addımlar və tarixə müdaxilə səylərinə baxmayaraq Ermənistanla ortaq gələcəyimizi yaratmaqda qərarlı olmağa davam edəcəyik”.
DOSTLARINLA PAYLAŞ: