Obama Misir xalqına öz dəstəyini bəyan edib
02 Fevral 2011 Çərşənbə 06:20
Hüsnü Mübarəyin ictimaiyyətə açıqlamasından sonra Misir ilə ABŞ prezidentləri arasında telefon danışığı baş tutub
Misir prezidenti Hüsnü Mübarək ictimaiyyətə açıqlamasından sonra ABŞ prezidenti Barak Obama ilə telefonda danışıb. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, Obama bu danışıqdan sonra mətbuata verdiyi açıqlama ilə Misir xalqına dəstəyini bəyan edib: “Misirdə baş verən hadisələri yaxından təqib edirik. Misir xalqını qorumalıyıq. Baş verəcək islahatların sülh yolu ilə həyata keçirilməsini təmənna edirik. Arzumuz budur ki, bu proses Misir xalqı üçün azadlığın rəmzi olsun. Misir xalqı buna layiqdir”.

Mübarəklə islahatlar barədə də danışdığını deyən Obama bildirdi ki, Misir prezidenti də ölkədə islahatların vacibliyini vurğulayıb: “Telefonda islahatlar barədə də danışdıq. Cənab Mübarək islahatlara ehtiyac olduğunu dedi və bunun vacibliyini vurğuladı. Misir xalqı hal-hazırda meydanlarda islahatlara ehtiyac olduğunu reaksiyaları ilə göstərir. Təbii ki, ölkəni kimin idarə etməsinə misirlilər özləri qərar verəcək.

Bu prosesin ölkədə yaşayan fərqli xalqların da səsini təmsil etməli olduğunu vurğulayan ABŞ prezidenti Misirə hər cür dəstəyi verməyə hazır olduğunu da xüsusi qeyd edib: “Hesab edirəm ki, bu islahatlar sülh yolu ilə ən yaxın vaxtda başlamalıdır. Bu proses eyni zamanda ölkədə yaşayan fərqli xalqları da təmsil etməlidir. Sadəcə demokratik prinsiplər yox, xalqın tələbləri də səsləndirilməlidir. Misir xalqına lazım olan hər cür dəstəyi verməyə hazırıq”.

Misirdəki xalq hərəkatının bütün dünya üçün ilham mənbəyi olduğunu deyən Obama ABŞ-la Misir arasında olan dostluğun daim olduğunu deyib: “Meydanlarda göstərdiyiniz bu reaksiya bütün dünya üçün ilham mənbəyi oldu. Biz Misir xalqının səsini eşidirik. Bir daha vurğulayıram. Siz öz gələcəyinizi təyin edərkən mən də sizin yanınızdayam. Sizə sonsuz etimadım var. ABŞ-la Misir arasında olan dostluq daim var olacaq. Daha gözəl bir gələcək seçəcəyinizə inanıram. Həqiqət küçədə və istimaiyyətin arasındadır”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar