Novruz Məmmədov: “Nalbandyanın bəyanatı cəfəngiyyatdır”
29 Sentyabr 2010 Çərşənbə 14:35
Prezident Administrasiyanın şöbə müdiri Novruz Məmmədov erməni nazirin bəyanatına cavab verib.
Rəsmi Bakı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bəyanatını cəfəngiyyat adlandırıb. Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov ANS-ə açıqlamasında bildirib ki, İrəvan bu cür bəyanatlarla dünya ictimaiyyətini aldada bilməz.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Bostonda Fletçer hüquq və diplomatiya məktəbində çıxışı zamanı deyib ki, Azərbaycan Madrid prinsiplərini müəyyən qeyd-şərtlərlə qəbul etməklə faktiki olaraq onları qəbul etmir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri 2007-ci ilin noyabrında münaqişə tərəflərinə Madrid prinsiplərini təqdim ediblər və onlar rəsmi təklif kimi ATƏT katibliyinə verilib: “Bundan sonra həmin sənəd əsasında 20-dən çox işgüzar təklif irəli sürüldü. Son aylardakı intensiv danışıqlar nəticəsində bu ilin iyununda Sankt-Peterburqda tərəflərə Madrid təkliflərinin son variantı təqdim edildi. 2007-ci ildə olduğu kimi biz bu dəfə də bəyan etdik ki, bu variantı danışıqlar üçün əsas kimi qəbul edirik”.

Erməni nazirin sözlərinə görə, Azərbaycan tərəfi nə birinci, nə də ikinci variantı qəbul edir. Onun sözlərinə görə, rəsmi Bakı işgüzar təkliflərdən biri ilə bağlı bəyan edib ki, onu müəyyən istisnalarla qəbul edir. Edvard Nalbandyan deyir ki, “lakin sonradan bu istisnaların qəbul edilən maddələrdən daha çox olduğu üzə çıxıb: “Qeyd-şərtlə qəbul etmək nə deməkdir? Bu, faktiki olaraq qəbul etməməkdir. Azərbaycan nə gözləyir? Gözləyir ki, Ermənistan və Qarabağ onların qeyd-şərtlə qəbul etdiyi təkliflərə razılaşacaq?”.

“Bu, çox cəfəng fikirdir və mən təəssüf edirəm ki, Edvard Nalbandyan Ermənistanın xarici işlər naziri olsa da, dünya ictimaiyyətini aldatmaq mümkün deyil. Ermənistan tərəfi ortaya elə iddialar qoyur ki, onlarla heç kim razılaşa bilməz. Bu, 2-3-cü variant nə deməkdir? İki ildir aparılan danışıqlarda nəticələr ətrafında razılıq olmalı idi. Bununla razı olmayıb ortaya tamam başqa təklfilər qoyurlar. Bildiyiniz kimi 2009-cu ildə Soçidə bir başqa təklf irəli sürdülər. Bunlarla razılaşmaq olmaz. Ermənistanın xarici işlər naziri belə cəfəng bəyanatlarla dünya ictimaiyyətini aldada bilməz”, - deyə Novruz Məmmədov bildirib.

Qeyd edək ki, Azərbaycan rəsmiləri, o cümlədən, prezident İlham Əliyev yenilənmiş Madrid prinsiplərinin qəbul edildiyini dəfələrlə bəyan ediblər. Onlar bildiriblər ki, Ermənistan tərəfi ötən aylar ərzində təklifləri qəbul edib-etmədiyini rəsmən açıqlamayıb. Ermənistan rəsmiləri isə müxtəlif çıxışlarında Madrid prinsiplərini qəbul etdiklərini desələr də, bu, vasitəçilər və beynəlxalq təşkilatlar qarşısında indiyədək rəsmən bəyan edilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar