Novruz Məmmədov: “Ermənistan tərəfi xülyaya uymasın”
02 Aprel 2011 Şənbə 22:49
Novruz Məmmədov: “Ermənistan bilməlidir ki, Azərbaycan gec-tez öz torpaqlarını nəyin bahasına olursa-olsun qaytaracaq”.
İrəvan-Xankəndi aviareysinin birinci sərnişini olacağı barədə Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatına münasibəti açıqlayıb. Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, erməni tərəfi və Serj Sarkisyan belə bir addımla əsl simalarını, habelə ikibaşlı oyun oynadıqlarını bir daha nümayiş etdiriblər.

N. Məmmədov deyib ki, Sarkisyanın bu bəyanatı Ermənistanın iç üzünü, onun siyasətinin mahiyyətini açır: “Təəssüf ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərinə dair bəyanatlar verən beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri, beynəlxalq hüququ formalaşdıran, keşiyində dayanan dövlətlər bu hadisəyə konkret münasibət bildirmirlər. Görün nə baş verir? Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, 20 ildən artıqdır ki, bu ərazi işğal altındadır, münaqişə, müharibə baş verib, bu gün həmin münaqişənin həlli ilə bağlı danışıqlar gedir. Danışıqları dünyanın üç ən mühüm dövləti - ABŞ, Rusiya Federasiyası və Fransa aparır. Lakin münaqişə hələlik həll olunmayıb. Buradan belə nəticə hasil olur ki, Ermənistan işğalçı siyasətini davam etdirir və dünya birliyi, beynəlxalq təşkilatlar da buna göz yumurlar. Fərz edək ki, biz günlərin birində Gorusda aeroportun açılışı və istifadəsi ilə bağlı mövqe bildirək və Ermənistan tərəfini danışıqlara dəvət edək. Bunu dünya necə qəbul edər?! Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, amma orada Ermənistan tərəfi heç bir beynəlxalq hüquqa, aparılan danışıqlara məhəl qoymayaraq aeroport tikir və onun açılışını elan edir. Prezidenti isə deyir ki, ilk reysin sərnişini olacağam”.

N. Məmmədovun fikrincə, Ermənistan Prezidentinin bu fikirləri heç bir əndazəyə sığmır. Onun sözlərinə görə, Azərbaycan tərəfi bununla bağlı öz mövqeyini bildirib: “Mən bir daha deyirəm ki, Ermənistan tərəfi xülyaya uymasın. Ermənistanın rəhbərliyi və xalqı bilməlidir ki, Azərbaycan gec-tez öz torpaqlarını nəyin bahasına olursa-olsun qaytaracaq”.

Prezident Administrasiyanın şöbə müdiri deyib ki, belə hərəkətlər bir daha Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu göstərir: “Təəssüf ki, beynəlxalq birlik bu hərəkətlərə göz yumur. Bu, Ermənistan tərəfinin növbəti məkrli addımıdır. Çünki ölkəmizdəki diplomatik korpusun nümayəndələri mənə deyirlər ki, ola bilər Ermənistan tərəfi belə bir məsələni ortaya atmaqla təxribat törətmək, Azərbaycanın bununla bağlı müəyyən bəyanatlar verməsini, sonradan onun qınanmasını istəyir. Məlumdur ki, Ermənistan həmişə məkrli addımlar atmaqla məşğul olub. Qoy Ermənistan rəhbərliyi bilsin ki, Azərbaycan heç vaxt mövcud vəziyyətlə barışmayacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar