Nikolya Sarkozi İlham Əliyevə məktub yazıb
14 Oktyabr 2011 Cümə 19:21
Fransa prezidenti Nikolya Sarkozi Bakıda ona göstərilmiş səmimi və əla qəbula görə dərin minnətdarlığını bildirib.
Fransa prezidenti Nikolya Sarkozi Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təşəkkür məktubunda deyilir:
“Bu qədər zəngin və uğurlu səfərdən sonra Bakıda mənə göstərilmiş səmimi və əla qəbula görə Sizə ən dərin minnətdarlığımı bildirmək istəyirəm. 2009-cu ilin dekabrında Parisə səfəriniz zamanı Sizə bildirdiyim kimi, mən ölkənizin iqtisadi uğurunun bir sıra aspektlərini və rəhbərliyiniz altında Bakıda həyata keçirilmiş dəyişiklikləri öz gözlərimlə görmək məqsədilə Azərbaycana səfər etməyimi arzulayırdım. Vaxtımın məhdud olmasına baxmayaraq, gördüklərim məndə böyük təəssürat yaratdı.
Mən, həmçinin Bakıda Fransız Liseyinin yaradılmasına verdiyiniz həlledici dəstəyə görə Sizə, eləcə də xanımınıza təşəkkürümü bildirirəm. Bu layihə həm Azərbaycanda yaşayan və övladlarına öz dili və mədəniyyəti çərçivəsində təhsil vermək istəyən fransız icması, həm də ölkənizə xidmət etmək naminə fəal həyata başlamazdan öncə universitetlərimizə daxil olmağı arzulayan gənc azərbaycanlılar üçün faydalı olacaq. Mən ölkələrimiz arasında artıq intensiv xarakter daşıyan münasibətləri gücləndirəcək strateji tərəfdaşlığın qurulması təklifimi təkrar edirəm.
Gələcək səfərlərinizdən birində Parisdə Sizi yenidən qəbul etmək ümidi ilə Sizə bir daha öz minnətdarlığımı bildirir, ən dərin hörmət və ehtiramımı, eləcə də dostluq hisslərimi qəbul etməyinizi xahiş edirəm”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: