Nikah müqaviləsi məcburi ediləcək
01 Sentyabr 2009 Çərşənbə Axşamı 13:50
Bu barədə millət vəkili Məlahət Həsənova məlumat verib
- “Ailə məcəlləsi”nə təklif edilən dəyişikliklərdən biri belədir ki, Azərbaycanda qadınların nikah yaşı 17-dən 18-ə artırılacaq. Bu dəyişikliyə səbəb nədir?
-Yaş həddinin artırılması Azərbaycanın beynəlxalq təşkilatlar qarşıslsında götürdüyü öhdəliklərə, BMT-nin uşaq hüquqları haqqında konvenisiyasının müddəalarına tam uyğundur. Bu nöqteyi nəzərdən hesab edirəm ki, bu, çox düzgün addımdır. Bu gün dünyada kosmos əsridir, yüksək texnologiyalar əsridir. Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda qızların təhsil problemləri, məktəbdən yayınma halları, erkən nikah problemləri var. Bizdə nikah həddinin bir az aşağı olması isə belə hallara şərait yaradır.
- Sizcə, nikah yaş həddinin artırılması onsuz da erkən nikah hallarına tez-tez təsadüf edilən Azərbauycanda qeyri-qanuni nikahları və yaxud vətəndaş nikahlarını artıra bilər?
- Xeyr. Niyə artırsın ki? Əksinə, qanun biz az da möhkəmləndirilir. Bununla bağlı bəzi başqa qanunlarda dəyişiklik olacaq. Sadəcə olaraq biz insanlar arasında maarifləndirmə işlərini gücləndirməliyik. Hansı bölgədə erkən nikaha getmə halları varsa, o bölgədə ciddi maarifləndirmə işləri aparmalıyıq. Ziyalıların bu məsələ ilə bağlı mövqeyini açıqlamalıyıq. İctimai qınağı gücləndirməliyik. Hesab edirəm ki, bu qanun belə halları artırmayaq. Əksinə müsbət mənada irəliləyiş olacaq. Bu, bioloji nöqteyi nəzərdən də çox düzgün addımdır. Mən ixtisaslı bir millət vəkili kimi deyirəm ki, bu müsbət qiymətləndirilməlidir.
-“Ailə məcəlləsi”nə başqa hansı dəyişikliklərin edilməsi nəzərdə tutulur?
-Nikah müqaviləsi ilə bağlı müəyyən dəyişikliklərin edilməsini təklif edəcəyik. Nikah müqaviləsinin məcburi olmasının qanunda əsk olunmasını istəyirik. Çünki nikah müqaviləsi məcbiri olmadığına görə bu gün boşanma hallarında mənzillə, əmlakla bağlı çox ciddi problemlər ortaya çıxır. Bu gün Azərbaycanda yeni “Mənzil məcəlləsi” də qəbul olundu. Bununla bağlı, Avropa Şurasının da bəzi tövsiyyələri var. Nikah müqaviləsi məcburi olmalıdır. Məcburi olmadığına görə bu gün məhkəmələrdə çox ciddi problemlər var. Qadın ailə qurur, uşağı olur. Ayrılanda isə köçdüyü evdən ona əmlak payı verilmir və qalır küçələrdə. Əgər evlənməmişdən qabaq nikaha daxil olan tərəflər əmlak müqaviləsi imzalasalar, qadın da əvvəlcədən daimi olaraq harada yaşayacağını biləcək. Təəəssüf ki, Azərbaycan cəmiyyəti hələ Avropa cəmiyyəti kimi yüksək maarifləndirilmiş vəziyyətdə deyil. Avropa ölkələrində bu, məcburi deyil. Baxmayaraq ki, Azərbaycanda da nikah müqaviləsi “Ailə məcəlləsində” əksini tapıb. Amma məcburi olmadığına görə, formal olaraq qalıb. Ona görə də həmkarrım Gültəkin Hacıbəyli, eyni zamanda Lalə Abbasova nikah müqaviləsinin məcburi olmasına tərəfdarıq və eyni zamanda bu məsələni parlamentdə qaldıracağıq.
-Bildiyimizə görə, dəyişikliklərdən biri də 16-17 yaşlarında qızlara istisna hallarda nikaha daxil olmalarına icazə veriləcək. Bu hansı istisna hallarıdır və buna kim nəzarət edəcək?
-Dünyanın bir çox ölkələrində istisna halları var. Amma bu, kütləvi ola bilməz. Mənə 7-8 il bundan qabaq bir ailə müraciət etmişdi. Qızla oğlan bir-birini sevirdi. Amma qızda elə bir xəstəlik var idi ki, əgər ailə qurmaq üçün rəsmi nikah yaşına qədər gözləsəydi, onda sonsuzluq baş verə bilərdi. Bilirsiniz ki, Azərbaycan ailəsində uşağın olması nə dərəcədə mühümdür. Azərbaycanda ailə deyəndə ilk növbədə uşaq nəzərdə tutulur.
Bu məsələlərlə hər rayon icra hakimiyyətində fəaliyyət göstərənn Yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyalar məşğul olur. Bu məsələlərlə bağlı, bu komissiyaya müraciət edirlər və komissiya belə məsələlərin həlli ilə məşğuldur. Həmin ailə də belə etdi və problem həll olundu.
-Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, hər 16-17 yaşlı qızlar hamilə olarsa, onlara ailə qurmağa icazə verilə bilər. Sizcə bu cəmiyyətdə neqativ halalrı artıra bilər?
-Bu, çox mürəkkəb məsələdir. Bunu daha peşəkar ekspertlər araşdırmalıdırlar. Çünki bundan müxtəlif formalarda istifadə etmə halları ola bilər. Amma bir tərəfdən qız hamilədirsə, geriyə yol yoxdur. Bunda təbii ki, dünyaya gəlcək uşağın və hamilə qadının taleyi nöqteyi nəzərdən istisna hal ala bilər. Amma burada neqativ halların ola biləcəyinə az da olsa şərait yaradıla bilər. Yəni müəyyən insanlar bu forma vasitəsilə erkən nikaha getmə hallarını süni olaraq artıra bilərlər. Amma istənilən halda bunun başqa yolu da yoxdur. Bu təkliflər mütərəqqi təkliflərdir.
-Oğlanlarda nikah yaşının dəyişdirilməsi gözlənilir?
-Bu da müzakirə olunmağa ehtiyac olan məsələdir. Məsələn, ailədə valideynlərdən biri dünyasını dəyişmişdi. Digər valideyndə isə çox ciddi bir xəstəlik var idi və həkimlər onun ömrünə çox az vaxt qaldığını bildirmişdilər. Siz bilirsiniz ki, Azərbaycanda övlad toyu görmək necə mühümdür. Və həyatda yazılmamış qanunlar da var. Belə olduğu halda, həmin valideyn həmin komissiyaya müraciət etdi və məsələ həll olundu. O, övladına xeyir iş elədi və toydan heç 1 ay keçməmiş vəfat etdi. Bu istisna hallara belə ciddi məsələlər daxildir. Həm bu məsələlər bir nəfərin iradəsi ilə həll olunmur. Komissiya tərəfindən həll olunur. Onun valideynin qızı yox, oğlu da ola bilərdi.
İnşallah, bütün bu təkliflər üzərində işləyirik və təkliflər Milli Məclisin payız sessiyasında irəli sürüləcək və millət vəkillərinin müzakirəsinə veriləcək.
DOSTLARINLA PAYLAŞ: