Faciə ilə bağlı CNN-də xüsusi reportaj yayımlanıb.
Azərbaycan Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya çərçivəsində bu gün dünyanın nüfuzlu “New-York Times” və “Washington Post” qəzetlərin bütöv bir səhifəsi Xocalı soyqırımına həsr olunub. Bu iki qəzetin ümumi tirajı 3 milyon ədəddir. Həmçinin “Washington Post”, “New-York Times” və “Politico” dərgilərinin internet səhifələrində 1 həftə müddətində Xocalı soyqırımı ilə bağlı pop-up yerləşdirilib. Təkcə bu pop-up vasitəsilə bu saytları ziyarət edən 10 milyona yaxın insana Xocalı həqiqətləri çatdırılacaq. Bundan başqa ABŞ-ın məhşur və ən çox izləyici auditoriyası olan kanallarından biri CNN, adı çəkilən kampaniya haqqında bir neçə dəqiqəlik reportaj hazırlayıb.
”New-York Times” və CNN-də gedən materiallarda 20 il öncə azərbaycanlıların məruz qaldığı bu dünya miqyaslı cinayət barəsində oxuculara məlumat verilir. Eyni zamanda bu ədalətsizliyə biganə qalmamaq və Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün dəstək olmağa, ABŞ prezidenti və konqresmenlərinə “Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində yüksək prioritetə malik olmalıdır ” adlı məktub göndərmək cağırışı edilir. Bunun üçün AAA-nın saytında yaradılmış xüsusi bölməyə daxil olmaq lazımdır. Saytda həmçinin Xocalı hadisələri ilə bağlı geniş məlumatlar öz əksini tapır.
AAA-nın Xocalı soyqırımının 20 illiyi münasibətilə Amerikada həyata keçirdiyi kampaniya ümumilikdə 100 milyonlarla insanı əhatə edir və silsilə tədbirlərdən ibarətdir. Kampaniya çərçivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerlər yerləşdirilib.
Nyu York şəhərinin ən böyük dəmiryolu vağzalı olan “Penn Station”-da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib. Həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yerləşdirilib. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, “Capitol Hill”-ə gedən avtobuslarda posterlər yerləşdirilib. Yalnız bu tədbirlərlə kampaniya müddətində ən azı 50 milyondan artıq insanın bu poster və bannerləri görməsi gözlənilir.
“Bildiyimiz kimi, bu il Xocalı soyqırımının 20-ci ildönümüdür. Artıq o dəhşətli qətliamdan uzun zaman keçsə də, Azərbaycan xalqı ağrılı gününü heç vaxt unutmayacaq. Azərbaycan Amerika Alyansı təsis olunarkən qarşısına qoyduğu əsas hədəflərdən biri də elə azərbaycançılıq, əxlaqi dəyərlərimizi, tariximizi yaymaq və dünyaya çatdırmaqdır. Məhz Xocalı həqiqətlərini, azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan Amerika Alyansı bu kampaniyaya başlayıb. Dünyanın aparıcı KİV-ləri vasitəsilə biz milyonlarla amerikalıya 20 il öncə Xocalıda baş verənləri catdırırıq” - deyə AAA-nın təsisçisi Anar Məmmədov Xocalı soyqırımı ilə əlaqədar ABŞ-da keçirilən kampaniyanı şərh edərkən bildirib.
1992-ci il fevral ayın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etmiş və azərbaycanlılara qarşı soyqırım aktı həyata keçirmişdilər. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.