Neft və müharibələr
22 Oktyabr 2010 Cümə 10:55
Neft tariximizdən.
Bəşər övladları neftdən ölümsaçan silahlar icad etməmişdilər. O hələ yalnız işıq idi, hərarət idi. Əsrlər keçəjək, insanlar onu qiymətli dəfinə kimi torpağın, dənizin dərin qatlarında axtaracaqlar. O zamanlar isə buna ehtiyac yox idi. Bu dəyərli sərvət özü yol tapıb torpağın üzünə çıxırdı. İnsanlar onu komalarında yanan ocağa, çıraqlarında işığa çevirirdilər. Zaman keçdikcə bu əvəzsiz məhsulun başqa üstünlüklərini də aşkara çıxarır, ondan istifadə imkanlarını genişləndirirdilər. Nefti həm də tibbi məqsədlər üçün işlədir, ondan hazırladıqları məlhəmlərlə ağrı-acıları azaldır, yaraları sağaldırdılar.
Əsrlər bir-birini əvəz edirdi… Yeni şəhərlər salınır, dəbdəbəli saraylar tikilir, hamar yollar çəkilir, neft qiymətli tikinti materialı kimi insanların dadına yetirdi. Onun təsərrüfatda, ziyanvericilərə qarşı mübarizədə gərəkli olduğunu da bilirdilər. Texikanın yeni üsulları icad edildikcə neftdən hazırlanan məhsulların çeşidləri də artırdı. Anjaq o zamanlaradək bəşər övladı artıq bu qiymətli sərvətdən yalnız xoş məqsədlər üçün deyil, həm də öldürmək, fəlakətlər törətmək üçün istifadə etməyi öyrənmişdilər…
Tədqiqatçılar ilk dəfə çinlilərin neftdən hərbi məqsədlər üçün istifadə etdiklərini bildirirlər. Hələ məşhur «yunan odu»nun kəşfindən çox əsrlər öncə Çin döyüşçüləri düşmən üzərinə yanan neftlə dolu küpələr atırdılar. Anjaq onlar üçün də neft ölüm silahı olmazdan öncə yanacaq, işıq, dərman vasitəsi idi.
…E.ə. 220-ci ildə Tsin sülaləsindən olan Çin imperatorunun əmrini yerinə yetirmək üçün torpağı qazanlar oradan duz əvəzinə neft çıxardılar. Tezliklə ondan yararlanmağa başladılar. Neftdən yanacaq kimi istifadə edir, duzlu məhlulu qaynatmaq üçün yandırır, suyu buxarlandırmaqla ondan duz alırdılar. Britaniya salnaməçiləri Çində təbii qazın istifadəsinə e.ə 900-cü ildə başlanıldığı qənaətindədirlər. Çinlilər duz mədənlərindən duzla bərabər çıxan qazı yandıraraq duzu qurudurdular. Qədim sənədlərə əsaslanaraq demək olar ki, çinlilər nefti eramızdan əvvəl dıgər məqsədlər üçün də işlədirdilər. O, çinlilər üçün məişətdə, təsərrüfatda, tibbdə əvəzsiz nemət idi. Bir misal çəkək: məşhur Böyük Cin səddinin tikintisində də qırdan (asfaltdan) istifadə olunub.
İnsanlar arasında təbəqələşmə güjləndikcə, sinifli cəmiyyət yarandıqca dünya daha çox qan-qada, ölüb-öldürmək meydanına çevrilirdi. Çünki var-dövlətə, şan-şöhrətə sahiblənmək hərisliyi bir çoxlarına İlahi ədaləti unutdururdu. Hələ ilk sinifli jəmiyyət olan quldarlıq quruluşunda dövlətlər arasında tez-tez müharibələr baş verirdi. Ona görə ki, bu yolla daha çox qul əldə etmək mümkün idi. Müharibələrin artması yeni silahların yaranması ilə nəticələnirdi. İnsan övladı zəkasını, fiziki və mənəvi güjünü dünyanı gözəlləşdirməyə deyil, onu məhv etməyə sərf edirdi. Quldarlıq quruluşunda texnikanın bütün sahələri içərisində ən çox inkişaf edən hərbi texnika idi. Elə bu dövrlərdən etibarən neftin və təbii bitumun hərbi sahədə istifadə dairəsi genişləndi. Onları strateji xammala, müdafiə və hücum vasitələrinə çevirdilər.
Dünya fatehi olmaq xülyasına düşən hökmdarlar bu qiymətli sərvətə heç bir zaman biganə qalmayıblar. Hələ eramızdan əvvəl neftlə və bitumla Makedoniyalı İsgəndər də maraqlanıb. «Müqayisəli tərcümeyi-hallar» əsərində onun həyat və fəaliyyətini, hərbi yürüşlərini təsvir edən qədim yunan tarixçisi Plutarx da bu barədə məlumat verib. O bildirirdi ki, e.ə. IV əsrdə Makedoniyalı İsgəndər İrana yürüşü zamanı Girkan (Xəzər) dənizinin sahilində yerli əhalinin neftlə doldurulmuş fitilli çıraqlar yandırdıqlarını müəyyən etdi. Onun əsgərləri də buradan tuluqlarda və gil qablarda gətirilən neftdən işıqlandırma məqsədilə istifadə edirdilər. Plutarx İsgəndərin Babilistanı işğal etdikdən sonra Ekbatan (Həmədan) yaxınlığında gördüklərindən heyrətləndiyini yazırdı: «Bu uçurumdan sanki hansısa bir bulaqdan olduğu kimi, fasiləsiz alov püskürür və uçurumun yaxınlığında göl əmələ gətirən güclü neft seli axırdı. Neft dağ qatranına çox oxşayırdı...». Orta Asiyada da neftin mövcudluğu barədə olan məlumatlar bu dövrə aiddir. Orta Asiyadan keçərək Hindistana yürüşü zamanı Fərqanə vadisində «qara yağ» çıxarıldığı İsgəndərə məlum oldu. Məmmədəmin Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərində Firdovsinin «Şahnaməsi»nə istinad edərək neftlə bağlı belə bir əhvalatı qələmə alır: «...Firdovsi İsgəndəri-Ruminin Hindistan filləri üzərinə dəmirdən yapılma süvarilərlə hücum etdiyini nəql edir. Hindistan padşahı Fur (Por) İsgəndərə qarşı külli miqdarda fil çıxarmışdı. Bu fillər Rum ordusunu qorxutmuşdu. İsgəndər mühəndislərini və fikir adamlarını toplamış, düşündürmüş, nəhayət, dəmirdən atlar döydürərək, içlərinə neft doldurulmuş və fillərə qapşı sövq etdirmişdir. Dəmirdən yapılmış atlardakı neft od olan kimi alovlanmağa başlamış və üzərlərinə yüyürən fillərin xortumlarını yaxaraq məğlubiyyətlərinə səbəb olmuşdur...». Araşdırmaçılar burada verilən məlumatlara əsaslanaraq, İsgəndərin istifadə etdiyi neftin ya Midiyadan (Azərbaycanın qədim adı), ya da Fərqanə vadisindən əldə olunduğunu güman edirlər.
E.ə. 224-cü ildə afrikalı Yulinin ensiklopediyasında tərkibində «maye dağ qatranı (zift)» olan özüyandıran alovun hazırlanmasının resepti verilir. Başqa tarixi faktlar da göstərir ki, neftin hərbi işdə tətbiqi inkişaf edirdi. Neft sərvətlərinə malik olan yerlərin əhalisi üçün o həm də müdafiə vasitəsinə çevrilirdi. Onlar neftdən hazırladıqları silahlarla öz torpaqlarını yadelli işğalçılardan qoruyurdular. Tarixçilər sübut edirlər ki, silahda üstün olan qədim Roma döyüşçüləri bizim regionda öz məqsədlərinə çata, bu torpaqları zəbt edə bilmədilər. Müdafiəçilərin istifadə etdikləri silahlar Roma döyüşçülərini heyrətə salırdı. Onlar görünməmiş silahdan – gil qablara doldurulmuş alışan mayedən istifadə edirdilər. Alışan maye düşdüyü yeri yandırırdı, onu nə su, nə də qumla söndürmək mümkün deyildi. Bundan başqa, müdafiəçilər tarixində ilk dəfə istifadə olunan xüsusi «neft atan» mancanaqlara – «neffatin»lərə malik idilər. Onlar tarımlanmış mancanaqdan (katapultdan) alışan maye doldurulmuş küpələrlə düşmənə atəş açırdılar.
Bu yerlərin – abşeronluların təcrübələrini öyrənən qədim yunanlar və romalılar da yanan neftdən alovlanan maddə kimi şora, kükürd və qatranla birgə «odlu oxlar» və «odlu küpələr» hazırlayıb hərbi məqsədlər üçün istifadə etməyə başladılar. Ucları neftə hopdurulmuş əsgi ilə sarınmış «odlu oxlar» çoxdan məlum idi. Hələ iki min il bundan əvvəl hərbi meydanlarda neftdən – «yunan odu»ndan istifadə olunurdu. Hərbi döyüşlər zamanı yandırılmış neft geniş tətbiq olunurdu, hətta bəzən onun taleyini həll edirdi. Salnaməçilər bildirirlər ki, qədim yunanlar sirli maddə ilə dolu küpələri nəhəng sapandla atılan nizəyə bağlayırdılar, mərmi-nizə hədəfə çatanda partlayış baş verir, tüstü buludu qalxırdı. Alov tezliklə bütün istiqamətlərdə yayılırdı. Su onu söndürə bilmirdi. Yunanlarla döyüşdə sağ çıxanlar o dəhşətli anları belə təsvir edirdilər: «Yunanların ildırıma bənzər odları var. Onlar bu odu bizə qarşı yönəltdilər və qarşılarına çıxan hər şeyi külə döndərdilər, ona görə də onlara qalib gəlmək mümkün deyildi».
Antik mənbələrdən qalan məlumatlara görə, farslar, ərəblər, türk tayfaları və digər xalqlar da yanan neftdən müharibələr zamanı istifadə edirdilər, içərisində yanan neft və kükürd qarışığı olan qabları düşmənə atırdılar.
E.ə. IV əsrdə yaranmış qədim Azərbaycan dövləti – Atropatena haqqında yazan Ammian Marsell IV əsrdə yazırdı: «Bu ölkədə «midiya yağı» hazırlanır. Bu yağa batırılmış ox kamandan qopub nəyəsə sancıldıqda onu yalnız torpaq tökməklə söndürmək mümkün olur. Çünki su ilə söndürməyə çalışdıqda alov daha da şiddətlənir. «Midiya yağı» həm hərbi işdə, həm də təsərrüfatda kara gəlir».
Beləcə, illər illəri, əsrlər əsrləri əvəz etdikcə neftdən hazırlanan silahların yeni növləri meydana çıxardı. O nəinki məişətdə, təsərrüfatda, tibbdə, eyni zamanda hərb meydanlarında əsl möcüzələr yaradırdı.
Şərqdə şəhərlərin mühasirəsi zamanı əhali hücum edənlərə qala divarlarından neftin və kükürdün qarışığından yanan güvəclər atırdı. Bu barədə Pliniy yazırdı. O, qeyd edirdi ki, neft və bitumu kükürdlə qarışdırır, bu qarışığı kiçik camlara doldurur və yandırıcı mərmilər hazırlayırdılar. Farslar o dövrdə öz oxlarını bu qarışığa salıb onları yandırıcı edirdilər.
E.ə. əvvəl VI əsrdə Babilistana hücumdan əvvəl Əhəmənilər şahı II Kiri küçə döyüşləri zamanı onu gözləyən təhlükələr barədə xəbərdar edənlərə belə cavab vermişdi: «Bizim də qatranımız və kəpitkəmiz az deyil. Biz hər yerdə alovlar yayarıq və rəqibin evlərin damını tutan əsgərləri ya oranı tərk edərlər, ya da onunla birlikdə yanarlar».
…Orta əsrlərdə də neft məişətdə və təbabətdə olduğu kimi, hərbi texnikada da geniş tətbiq edilirdi. VII əsrdən başlayaraq bizanslar artıq Abşerondan gətirilmiş neftdən, sonralar Konstantinopolda yaşayan memar Kollinikin 1650-ci ildə təkmilləşdirdiyi «oleum incendarium», yəni «yunan odu»ndan hərbi məqsədlər üçün geniş istifadə etdilər. Yunanların böyük sirr kimi saxladıqları çoxsaylı reseptlərdən birində yazılır: «Təmiz kükürd, neft, çaxırdaşı, qatran, duz, ağac yağını götür, onların hamısını birlikdə yaxşıca bişir və bu tərkibə əsgini batır və yandır. Belə odu yalnız qum və sirkə ilə söndürmək olar».
Qaleraların (çoxavarlı hərbi gəmi) burnunda yerləşdirilmiş «yunan odu» düşmənin üzərinə od püskürürdü. Bizanslar bu oddan həm düşmənin dəniz hücumunu dəf etmək, həm də mühasirəyə alınmış şəhərlərin binalarının dam örtüyunü və divarlarını yandırmaq üçün istifadə edirdilər.
Bizanslar «yunan odu»nun tərkibini uzun illər gizli saxlamağa müvəffəq oldular. Yalnız XII əsrdə ərəblər onun sirrini aça bildilər. Həmin silahdan bir neçə yüzilliklər boyunca istifadə olundu. 1189-cu ildə ikinci Lüteran kilsəsi «yunan odu»ndan çoxsaylı insan tələfatı baş verdiyini nəzərə alaraq, onun Avropada istifadəsini qadağan etdi.
VIII əsr Azərbaycan ərazilərini, eləjə də Dərbəndi işğal edən ərəblər burada ehtiyat neft anbarları tikdilər. Ərəb və fars ordularında xüsusi neftatan dəstələr var idi. Yüzilliklər ərzində neft barıtdan da qorxulu silah sayılırdı. Ona görə də həm Sasani hökmdarları, həm də ərəb xəlifələri həmişə Abşeronda vəziyyəti nəzarətdə saxlayır, Bakı neftinin hasilatını diqqətlə izləyirdilər. Ərəb xilafəti dövründə Abşeronda neft hasilatı o qədər yüksək idi ki, hətta xəlifəlik ondan gələn gəlir hesabına, Azərbaycanı ərəblərin əsarətindən xilas etməyə çalışan Xəzər xaqanlığına müqavimət göstərmək üçün şimal sərhədlərində qoşun hissələri saxlaya bilirdi.
Şərqdə odlu silah geniş yayılan dövrdə - XVI əsrədək neft çox qorxulu silah idi. Rus knyazı İqorun qıpçak xanı Qonçaka məğlubiyyətinin bir səbəbi də sonuncunun «gizli silaha» malik olması ilə izah olunur. Tarixçi V.N.Tatişevin fikrincə, qıpçaqlar malik olduqları odatan mərmilərin köməyi ilə 1184-cü ildə İqorla savaşda qalib gəldilər. Yanar qarışıq hazırlamaq üçün onlar Kerç və ya Tamanda olan neft mənbələrindən istifadə edirdilər.
1637-ci il Moskva dövlətinin «Piyada (və ya top) ehtiyatlarının siyahıları» sənədlərində hərbi qeydlərin arasında Bakı neftinin yanar halda qorxulu silaha çevrildiyi barədə məlumat var.
Hələ XVII-XVIII əsrlərdə Rusiyanın mərkəzi vilayətlərinə Bakıdan neft gətirilirdi. Ondan təbabətdə, rəssamlıqda, boyaların durulaşdırılmasında və həmçinin hərbi məqsədlər üçün - qumbaraların, küləkdən sönməyən şamların və «əyləncə üçün atəşdə» «işıqsaçan» güllələrin hazırlanmasında istifadə edilirdi.
…Neftin müxtəlif sahələrdə istifadəsi Yaxın Şərqdə, eləcə də Azərbaycanda uzun bir tarixi dövrü əhatə edir. Maraqlıdır ki, Bakıda və Abşeronda neft çıxarılması haqqında məlumat verən Qərbi Avropa mənbələrində neftin hərbi işdə tətbiqindən çox az danışılır. Halbuki orta əsrlərdə hərbi texnikada, xüsusən qalaların müdafiəsi zamanı neftdən geniş istifadə edildiyi Şərq mənbələrindən yaxşı məlumdur.
Bir vaxtlar neftdən sadə üsullarla silahlar hazırlayırdılar. Lakin onlar da dəhşətli ölüm vasitələri idi. Zaman keçdikcə, texnika inkişaf etdikjə neftdən istifadə edilərək ərsəyə gətirilən silahların hazırlanma qaydaları da mürəkkəbləşdi. Qədim silahlar bir əsgəri öldürmək, bir evi yandırmaq gücündə olduğu halda, müasir silahlar bir dəfəyə ordular məhv etmək, şəhərlər viran qoymaq iqtidarındadır.
Bu gün Azərbayjan öz neft sərvətinin sahibidir. Ondan ölkəmizin dünyada tanıdılması, vətəndaşlarımızın yaxşı yaşaması üçün istifadə edilir. Eyni zamanda, Azərbaycan nefti müstəqil respublikamızın hərbi sənayesinin gücləndirilməsinə də sərf olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: