Namiq Həsənov: “Nəqliyyatın bütün növləri üzrə vahid gediş kartı tətbiq olunacaq”
11 Yanvar 2012 Çərşənbə 17:15
"İntellektual idarəetmə sisteminin fəaliyyəti üzrə birinci mərhələyə start verilib".
Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov ictimai nəqliyyatda gözlənilən yenililiklərlə bağlı ANS PRESS-ə müsahibə verib:

Ötən ilin sentyabr ayından barəsində danışılan intelektual idarəetmə sistemi artıq işə düşüb. Yeni dayanacaqların, avtobuslarda monitorların quraşdırıldığını görürük, amma intellektual idarəetmə sistemindəki yenilikləri icitmia nəqliyyatda gediş-gəliş zamanı hiss etmirik.
-Niyə hiss edilmir? Ona görə ki, biz hələ intellektual idarəetmə sistemində birinci mərhələni başlamışıq. Birinci mərhələdə 4086 avadanlıq quraşdırılıb. Onlardan 2096 avadanlıq avtobuslarda quraşdırılıb. Hələ 2012-ci ilin ortalarına qədər bu sistemin funksional əlaqələrinin uyğunlaşdırılması prosesi gedəcək. Bəzi yerlərdə hələ də avadanlıqlar quraşdırılmayıb. O yerlədəki monitorlar tam quraşdırılıb, artıq həmin sistem problemsiz işləyir.

Biz koreyalı mütəxəssislərlə işləyirik. 3 mindən çox videokamera qurşadırılıb. Düşünürəm ki, 3 aya qədər mərkəzi yollarda bu sistem tam işləyəcək.

Yeri gəlmişkən, bəzi yerlərdə monitorlar quraşdırılıb, amma düzgün işləmir. Bəzi avtobuslarda quraşdırılan monitorlar müəyyən yerlərdə tutmur, məsələn, Biləcəri qəsəbəsinə işləyən avtobuslarda quraşdırılan monitorlar qəsəbə istiqamətində işləmir. Dayanacaqlarda saat, temperatur və digər göstəricilər düzgün göstərilmir. Belə problemlərin yaranmasına səbəb nədir?
-Bu, naqillərin çəkilməsilə bağlıdır. Təxminən 450 kilometrə yaxın elektrik naqillər çəkilir. Bəzi dayanacaqlar hələ də mərkəzi terminalla, mərkəzi sistemlə birləşdirilməyib deyə, hələ ki, bu sistem işləmir. Lakin hər an fəaliyyətə başlaya bilər. Mərkəz, dispeçer otağı işləyir. Lakin müəyyən yerlərlə əlaqə yaradılmayıb. Bizdə hələ proqramların yüklənməsi gedir. Bu prosesi birdən-birə həll etmək mümkün deyil. Birinci mərhələ başa çatandan sonra, ikinci mərhələ fəaliyyətə düşəcək.

Siz müsahibələrinizin birində bildirmişdiniz ki, ictimai nəqliyyatda gediş haqqları vahid ödəmə kartları ilə həyata keçiriləcək. Çip kartlardan həm avtobuslarda, həm də metroda istifadə etmək olacaq. Amma bir neçə gün öncə Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov bildirdi ki, belə şey olmayacaq.
- (Red: gülür...) Vallah mən Tağı Əhmədovun bu fikrini eşitməmişəm, amma bütün dünyada universal çip kartlar var. Bu kartlardanə bütün nəqliyyat vasitələrində gediş haqqının ödənilməsində istifadə olunur. Bu kart, yaxud başqa kart nə fərqi var. Mən onu bildirirəm ki, biz universal ödəmə kartlarına keçəcəyik. Nəqliyyatın bütün növləri üzrə elektron-kart ödəmə sistemi tətbiq olunacaq və kartlar müəyyən yerlərdə quraşdırılmış post-terminallar vasitəsilə doldurulacaq. Bu barədə hələ danışmaq bir az tezdir, amma bu istiqamətdə işlər gedir.

Sürücülər deyirlər ki, tıxaclarda, sərnişinlərin sıxlığı zamanı bu sistem işləməyəcək. Nə kartla ödəmə, nə də avtobusların intervalı üzrə hərəkət.
-Elə bu sistem problemlərin aradan qaldırılması üçün düşünülüb. Məsələn, biz indi baxırıq ki, monitorda göstərilir ki, filan saylı avtobus 1 dəqiqədən sonra gələcək, lakin 5 dəqiqədən sonra gəlir. Səbəb isə yollarda təmir-tikinti işlərinin getməsi və yolların bağlı olması ilə əlaqədardır. Amma bu sistem tam gücü ilə işləyəndən sonra, avtobuslar vaxtında işləyəcək. Çünki, avtobusdakı monitor vasitəsilə mərkəzdən səsli və yazılı mətnlərlə xəbərlər göndəriləcək.

Ötən gün Nəqliyyat Nazirliyində kollegiya iclası keçirildi. Həmin iclasda nədən danışıldı?
-Orada işçi qrupunun hazırladığı layihələr barədə danışıldı. Bakı şəhərində yol hərəkəti qaydalarının icrasında müəyyən problemlər var. Həm avtomobillərin idarə edilməsində, həm də maşınları parklamada problemlər var. Yəni şəhərdə, yol ayrıclarında polislə birgə gördüyümüz işlər var. Harada tıxaclar çox olur, hara işıqfor qoymaq lazımdır, harada tunel, keçid tikilməlidir və s. məsələlər araşdırıldı.

İntellektual idarəetmə sistemində bəzi şeylər nəzərə alınır, amma əlillər heç nəzərə alınmır. Bu gün əlillərin nəqliyyatda hərəkəti üçün heç bir şərait yoxdur. Bu nə keçidlər tikilən zaman, nə də avtobusların gətirilməsi zamanı nəzərə alınmır. Bəzi avtobuslarda əlillərin istifadəsi üçün panduslar vardı, amma sürücülər onların söküldüyünü deyirlər.
-Bəzi avtobuslar gətirilərkən orada panduslar var idi. Yox sökülməyib. Bəzi “MAZ” avtobuslarında indi də var, amma bəli, çoxunda bu yoxdur. Sizinlə razıyam, amma dünyada əlillər üçün xüsusi avtobuslar istifadə edilmir axı?

Bəzi ölkələrdə əlillər üçün xüsusi avtobuslar fəaliyyət göstərir, avtobuslarda əlillər üçün xüsusi şərait də yaradılıb, amma Azərbaycanda əlillər tamam unudulub.
-Bəli, şəhərdə əlillər üçün şəraiti olan avtobuslar alınmalıdır. Amma belə şəraitli avtobuslar var. Sayını dəqiq bilmirəm, amma əlillərin istifadəsi üçün şəraiti olan avtobuslar var.

Ola bilər var, amma çox təəssüf ki, gözə görünmür.
-İndi onu hər xətdə tətbiq etmək mümkün olmur.

Bəli, gərək araşdırma aparıb, harada daha çox əlil olduğunu aydınlaşdırasınız.
- Çətin məsələdir. Bu, böyük problemdir. Gələcəkdə doğrudan da bunu nəzərə almaq olar və nəzərə alınmalıdır. Çox ciddi məsələdir.

Problemlərdən biri də, aeroport istiqamətində avtobusun işləməməsidir. Yalnız “28 May” metrosstansiyası yaxınlığından bu istiqamətdə avtobus işləyir, o da gec-gec.
-Hələlik, başqa istiqamətlərdən aeroport istiqamətində avtobus açılması nəzərdə tutulmayıb. “28 May” metrosstansiyası yaxınlığından aeroport istiqamətinə 4 avtobus işləyir. Onların arasında yarım saatlıq interval olur. Hələlik, bu bəs edir.

Avtobus nömrələrinin dəyişdirilməsinə nə ehtiyac vardı?
-Beynəlxalq maliyyə ekspertləri Bakıya gələndə hər şeyi sadə görməyi üstün tutdular. Bunu sadələşdirilmiş sistem kimi tətbiq etdilər. Şəhərdə 1-dən 99-a kimi avtobus nömrəsi tətbiq olunmalıdır, 99-dan o yana şəhərkənarı ərazilərə aid olacaq.

Tikinti məsələsilə bağlı da vəziyyət çox acınacaqlıdır. Əslində yol çəkilməsi, tunel, körpü tikintisi çox yaxşı haldır. Lakin bu tikintilər Bakıda yol infrastrukturunu tamam iflic edib. Bu tikintilər insanların sıx olmadığı vaxtlar, tətillər zamanı, yaxud, gecələr aparıla bilər?
-Əslində, Nəqliyyat Nazirliyinin balansında olan tikililərdə bu prinsip qorunub-saxlanılır. Amma başqa tikintilər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir və buna biz cavabdeh deyilik. Bu dəqiqə də tikdiyimiz ən iri yol qovşağında hərəkət üçün heç bir çətinlik yoxdur. Çünki bir məqsədimiz var, o da şəhərdəki tıxacların sayını azaltmaqdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar