Namaz qılmayanlar da oruc tuta bilərlər
11 Avqust 2010 Çərşənbə 01:50
İlahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu ilə Ramazan ayı barədə söhbət.
- Zəhmət olmasa, Ramazan ayı və orucu barədə məlumat verin.

- BismilləhirRahmənirRahim. Ramazan ayı artıq öz geniş rəhməti və bərəkəti ilə üzərimizə gəlməkdədir və inancımız İslam dini ramazan ayını bizə məhz belə təqdim edir. Peyğəmbərimiz (Ə.S.) öz mübarək “Şabaniyyə” xütbəsində də Ramazan ayını belə xarakterizə eləmişdi ki, mübarək Ramazan ayı öz rəhmət və bərəkəti ilə bizim üzərimizə gəlir. Bu, özünəməxsus fenomendir ki, biz ona getmirik, ay öz rəhməti ilə bizə doğru gəlir və bizim bu rəhmət və bərəkətdən nə qədər bəhrələnəcəyimiz bizim özümüzdən asılıdır. Əslində mübarək Ramazan ayının mahiyyətində, fəlsəfəsində dayanan əsas mövzu insanın ilahi təqvaya sahib çıxmasıdır. "Qurani-Kərim" də bizdən Ramazan ayında tutulan orucun hədəf və məqsədi olaraq təqvaya sahib çıxmağımızı istəyir. Yəni əgər Ramazan orucu bizi təqvaya gətirib çıxarmayacaqsa, bunun gerçək oruca bir aidiyyəti yoxdur. Ramazan orucu sadəcə ac və susuz qalmaq deyil. Ramazan ayında tutulan oruc həm bədənlə, həm də ruhla olmalıdır. Yəni Ramazan, ilin digər aylarında Allahın haram buyurduqlarından çəkinmək vərdişlərimizin immunitetimizdə əks olunmmasına gətirib çıxmalıdır. Bu anlamda gözəl ayın içindəyik. Bu, ilahi ziyafətdir, çox geniş imkanlar yaradır, hər kəs öz imkanları daxilində sübhlərində, günortalarında, axşamlarında bundan bəhrələnə bilər. Yəni bu ilahi nemət qarşımıza qoyulub, nə qədər istifadə edəcəyimiz bizdən asılıdr.

- Namaz qılmayanlar oruc tuta bilərlər?

- Mübarək inancımız namazı vacib əməl kimi buyurub. Əgər mömin bu vacibatı tərk edərsə böyük günah etmiş olur və buna görə cavab verəcək. Amma namazla yanaşı mübarək Ramazan orucu da vacib əməldir. Və müstəqil vacib əməldir. Orucun namazla tutulmaq kimi şərti yoxdur. Ona görə də bir kəs namaz qılmırsa günah iş görür, yanlış iş görür. Amma namaz qılmır deyə, oruc da tutmayaraq ikinci günahı işləməməlidir. Çünki mübarək Ramazan ayında oruc tutmaq özü də müstəqil vacib əməldir. Bir kəs namaz qılmayaraq oruc tutsa, bu onun orucunun qəbuluna mane deyil. Oruc müstəqil vacib əməldir.

- Bizdən əvvəlki nəslin nümayəndələri avqust orucunun çətinliyindən və məsuliyyətindən danışırdılar. Fiziki və mənəvi baxımdan avqust orucunun başqa oruclardan fərqi var?

- Çox fərqi var. Bu insanın öz iradəsini gücləndirməsi üçün böyük bir fürsətdir. İnsanın öz bədənindəki gücünü səfərbər etməsi üçün fürsətdir. Əslində mən bu orucu keyfiyyət orucu adlandırardım. Çünki bəziləri hər zaman dəbə görə oruc tuturdularsa indi gərçəkdə oruc tutanlar oruc tutacaq və keyfiyyətli bir proses gedəcək. İnancımız da kəmiyyətin yox, keyfiyyətin tərəfdarıdır.

- İsti hava şəraiti ilə əlaqədar kim bu orucu tutmaya bilər?

- Ümumilikdə fiqhdə kimin oruc tutub-tutmayacağı bəllidir. Əgər həkim orucun zərər verəcəyini bildiribsə, həmin xəstələr oruc tutmaya bilər. Bu anlamda insanın səhhətiundə oruc tutmaq üçün hər hansı bir maneə yoxdursa, inancımızda havaların isti olmasına görə oruc tutmamaq səbəbi yoxdur. İslamda sağlam bir möminin hər hansı bir səbəblə oruc tutmaması kimi bir şərt yoxdur.

- Ramazan ayın rəhmətə gedən biri üçün gün ərzində təamla ehsan vermək doğrudur?

- Ramazan ayında bu haram bir əməldir. Gün ərzində, yəni iftardan əvvəl belə şeylər haramdır. Hər hansı bir şəkildə belə işlərə dəstək vermək də haramdır və mənəvi baxımdan yolverilməzdir. Rəhmətə gedən insanın da ancaq zərərinədir. Belə hüzrlərdə gedən din xadimləri maarifləndirmə aparmalıdır və hüzrdə iştirak edənlərə bunun haram olduğunu başa salmalıdır ki, biz müsəlmanıqsa, biz "Quran"ı tanıyırıqsa, biz Allahı tanıyırıqsa və bu işi rəhmətə gedənin xeyri üçün ediriksə, bunun ona xeyri yox, zərəri var.

- İslam peyğəmbəri Həzrəti Məhəmməd (ə.s.) oruc tutana iftar verənlər üçün böyük mükafatlar veriləcəyini bildirir. Bu mükafata nail olmaq üçün bir xurma, bir udum su kifayət edər, yoxsa hökmən süfrə açılmalıdır?

- Burda söhbət daha çox ondan gedir ki, insanlar yardımlaşma mədəniyyətini öyrənsinlər. Bəzi cəmiyyətlərdə insanlar sadəcə eqoizmə yönəlir və onların toplumdan təcridləşməsi prosesi gedir. Bu əslində insanların bir-birinə sahib çıxması, diqqət göstərrməsi deməkdir. Bu bir xurma ilə, bir udum su ilə də ola bilər. Və sözsüz ki, burda söhbət niyyətdən, səmimilikdən gedir.

- Oruc tutmayan birinin verdiyi iftar dəvətinə getmək olar?

- Bir adam oruc tutmursa və iftar verirsə getmək olar. Bunun üçün heç bir problem yoxdur. Amma çox gözəl olar ki, insan özü Allahın bəyəndiyi işi görsün və başqalarından da bunu gözləsin. Nəzərə almalıyıq ki, xalqımız Sovet hakimiyyətinin süqutundan sonra bu işləri yeni öyrənir. Hər kəs hələlik sadəcə bacardığı qədər xeyir əməl görürsə bunu alqışlamaq lazımdır və dua etmək lazımdır ki, etmədiyi əməlləri də etsin.

- Ramazan ayının başlaması bəzən bizim ölkə ilə başqa ölkələrdə fərqli olur. Bunu necə izah etmək olar?

- Burda bir qəribəlik var. Azərbaycanda həmişə Ramazan ayının başlamasını elan edirlər, amma bayramı iki günə elan edirlər. Bunun niyə iki gün olduğunu soruşanda deyirlər ki, bu, ayın çıxmasından asılı olacaq. Əgər bayramla bağlı ayın çıxmağı bilinmirsə, eləcə də ayın əvvəli də bilinməməlidir. Ona görə də bu elanın özündə məntiqsizlik var. Ayın girdiyi günü elan edirlər, amma çıxması üçün iki gün elan edirlər. Mən belə düşünürəm ki, bu məsələlərdə kifayət qədər diqqətli olmaq lazımdır. Bu il mübarək Ramazan ayının şənbə günü başlama ehtimalı böyükdür. Çünki cümə günü şaban ayının 29-dur və astronomik proqramlara görə, cümə günü məğrib vaxtı təzə ayın görünmə ehtimalı çoxdur.

- Azərbaycan xalqına məsləhətləriniz və arzularınız.

- İntiharların çoxaldığı, narkomaniyanın yayıldığı , ailə dəyərlərinin itdiyi, uşaqların məktəb yaşlarında pozulduğu bir ölkədə bu ayda gözəl mənəvi bir imkan yaranır ki, hər birimiz xalqımıza məxsus milli mənəvi dəyərləri inkişaf etdirə bilək və sadaladığımız problemlərdən də qurtula bilək. Allahdan da arzumuz budur ki, bizə özümüzü tanımağı nəsib etsin. Özümüzü tanısaq, hər şey düzələr və ictimaiyyətimizə xidmət edə bilərik İnşallah.

Şirəli MƏMMƏDOV, ANS Press


DOSTLARINLA PAYLAŞ:

oyunlar