Nalbandyanın məntiqsizliyi Ermənistan XİN-də hamıya sirayət edib
18 Fevral 2010 Cümə Axşamı 00:45
Ermənistan XİN növbəti dəfə Azərbaycanı öz ərazilərini işğal etməkdə günahlandırıb
Ermənistan Xarici İşlər Nazirliyi növbəti dəfə məntiqsiz bəyanatla çıxış edib. Nazirliyin KİV-lə əlaqələr şöbəsinin müdiri Tiqran Balayan Azərbaycanı öz ərazilərini işğal etməkdə günahlandırıb. Onun fikrincə, rəsmi Bakı Ağcakənd, Ağdərə və Xocavənd rayonlarının Azərbaycana məxsus olmasını iddia etməklə işğal və etnik təmizləmə siyasətini ört-basır etmək istəyir: “Əgər Azərbaycan öz ərazisi adı altında etnik təmizləməyə icazə verən heç olmasa bir beynəlxalq hüquqi sənəd təqdim etsəydi, qəribə olardı”.
Qeyd edək ki, Ağcakənd, Ağdərə və Xocavənd rayonları ilə bağlı məntiqsiz iddia ilə əvvəlcə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib. Bunun ardınca isə Azərbaycan XİN-in rəsmisi Elxan Poluxov erməni nazirdəki alogizm meyllərinə cavab verib. Onun sözlərinə görə, Azərbaycan bütün hərəkətlərində beynəlxalq hüquq normalarına istinad edir: “Əgər Ermənistanın XİN başçısı bir lkənin öz ərazisini işğal edə bilməzi ilə bağlı heç olmasa bir beynəlxalq qanunvericilik aktı göstərə bilsəydi, qəribə olardı. Azərbaycan bütün beynəlxalq təşkilatlar və suveren dövlətlər tərəfindən Sovet İttifaqı dövründəki sərhədləri ilə tanınıb. Ona görə də Azərbaycanın öz ərazilərini işğal etməsi ehtimalı barədə danışmaq tam alogizmdir”. Elxan Poluxovun fikrincə, əgər Ermənistan həddini aşan alogizmlərdən əl çəksə, uzun illərdir davam edən münaqişənin tez və davamlı həllinə nail oluna bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: