Nalbandyandan Ərdoğana mesaj
18 Mart 2010 Cümə Axşamı 15:30
Nalbandyan:“Ermənistanı təhdid etmək lazım deyil”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bütün ermənilərin ölkədən çıxarılmasına dair bəyanatı yolverilməzdir və bu, erməni-türk dialoqunun xeyrinə deyil. Bu bəyanatla Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla birgə keçirilən birifinq zamanı Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyan çıxış edib.
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BBC teleşirkətinə müsahibəsində Ermənistanı Türkiyədə qeyri-qanuni yaşayan bütün ermənilərin ölkədən çıxarıla biləcəyi ilə hədələyib. Onun sözlərinə görə, hazırda Türkiyədə təqribən 170 min erməni yaşayır ki, onların da cəmi 70 mini Türkiyə vətəndaşıdır.
Erməni nazir bu mövzunun Türkiyənin özündə də ciddi müzakirələrə səbəb olduğunu xatırladıb. Nalbandyan bildirib ki, 1915-ci il hadisələri guya belə bəyanatlarla başlayıb və ermənilərə qarşı "soyqırım" törədilib.
“Bu tipli bəyanatlar Sumqayıt, Bakı və digər bölgələrdə törədilən qırğınlar zamanı Azərbaycanda da səsləndirilirdi”,- deyə erməni nazir bildirib.
Bununla yanaşı Nalbandyan Türkiyənin beynəlxalq ictimaiyyətə qulaq asacağına ümid etdiyini bildirib.
“Ermənistan və digər ölkələri təhdid və ya şantaj etmək deyil, irəliyə getmək və iki ölkə arasında əldə olunan saziş və razılaşmaları yerinə yetirmək lazımdır”, - deyə Nalbandyan bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: