Nalbandyan: Od üzərinə yağ tökməyə çalışmamaq lazımdır
11 Fevral 2011 Cümə 15:15
Ermənistanın xarici işlər naziri Beynəlxalq Böhran Qrupunun Qarabağla bağlı hesabatından narazı qalıb
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Beynəlxalq Böhran Qrupunun (BBQ) Qarabağ münaqişəsi zonasında vəziyyət haqqında hesabatı ilə bağlı narazılığını ifadə edib.

“Bu, tez-tez reallıqdan fərqlənən yalnız ekspert qiymətləndirməsidir. Ekspert rəyini ifadə etməzdən öncə yaranmış vəziyyəti nəzərə almaq və od üzərinə yağ tökməyə çalışmamaq lazımdır”, - deyə E.Nalbandyan İrəvanda Ukraynanın XİN rəhbəri Konstantin Qrişenko ilə birgə keçirilən mətbuat konfransında bildirib.

E.Nalbandyanın sözlərinə görə, Qarabağ nizamlanması ətrafında vəziyyətlə bağlı ATƏT-in Minsk qrupunun fikri mövcuddur. “Bu fikri nəzərə almaq lazımdır. Hətta ekspert qiymətləndirməsini təqdim edərkən də Minsk qrupunun fikrinə diqqət yetirmək lazımdır”, - deyə nazir qeyd edib.

Beynəlxalq Böhran Qrupunun ekspertləri öz məruzələrində bildiriblər ki, Dağlıq Qarabağ uğrunda Ermənistan və Azərbaycan arasında müharibənin yenilənməsi ehtimalı yüksəkdir və bu, 1992-1994-cü il münaqişəsindən daha dağıdıcı olacaq.

“Təmas xəttində toqquşmaların kəskinləşməsi, artan qızğın silahlanma, demək olar, dayandırılmış sülh prosesi Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ uğrunda müharibəyə yenidən qayıdacağı ilə bağlı şansları artırır ki, bu da region üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq”, - deyə hesabatda deyilib.

“Hətta Ermənistan və Azərbaycanın təcili ümumi hücum planlaşdırmamasına baxmayaraq, xırda toqquşmaların miqyası çox asanlıqla nəzarətdən çıxa bilər”, - deyə sənəddə qeyd edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar