"Nabuckc" layihəsi ən kritik mərhələlərindən birindədir. Bütün dünyanın gözü Ankaradadır. Bu gün Türkiyənin paytaxtında hökumətlərarası razılaşmaya imza atılacaq. Görəsən, Nabucco layihəsi nədir və niyə bu qədər əhəmiyyətlidir? Layihənin tarixçəsi isə belədir...
Verdinin dünyada məşhur Nabucco Operası... Verdi, dörd pərdəlik bu əsərində Miladdan əvvəl 586-cı ildə Kral Nabukadnezarın dövründə yəhudilərin Qüdsdən sürgün edilməsini izah edib. Verdinin bu operası bu gün Avropa Birliyinin etibarlı enerji qaynaqlarına ümidini bağladığı təbii qaz boru xətti layihəsinə adını verib. 7 ildir dünyanın gündəmindəki layihənin hekayəsi ilə o məşhur operanın hekayəsinin yolları kəsişib... Eşq, intriqa və döyüşün hekayəsi...
Avropa Birliyinin enerji nazirləri 2003-cü ildə Vyanada toplaşanda ortaq gündəm təbii qaz məsələsində Rusiyadan asılılıq idi... Yalnız Rusiyanın təyin etdiyi qiyməti qəbul etmə zəruriliyi deyil, Rusiyanın qazı siyasi şantaj olaraq istifadə etməsi də narahat edən məqamlar arasında idi.
Nazirlər saatlarla danışdılar, müzakirə etdilər və Avropa ölkələrinə alternativ bir xəttdən və alternativ bir qaynaqdan qaz tədarük edilməsi məsələsində razılığa gəldilər. Eyni axşam Vyanada Verdinin "Nabucco" operasını izlədilər və layihənin adını qoydular: "Nabucco təbii qaz boru xətti layihəsi."
Yola Xəzər bölgəsi və Yaxın Şərqin təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırılması üçün çıxdılar. Bu nöqtədə Türkiyənin strateji mövqeyi təyinedici oldu. Etibarlı enerjinin yolunun Türkiyədən keçməsinə qərar verildi.
3 min 300 kilometrlik boru xəttinin az qala yarısı, 1558 kilometrlik hissəsi Türkiyə torpaqlarından keçəcək, bəsləmə xəttləriylə birlikdə bu rəqəm 2000 kilometrə çatacaq. Məhz buna buna görə Türkiyə ən kritik ortaqlardan biridir.
Yaxın Şərq və Xəzər bölgəsindən gələcək qaz Türkiyədəki səfərini Bolqarıstan sərhədində tamamlayacaq. Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək Avstriyanın paytaxtı Vyanaya çatacaq.
Xəttin 392 kilometri Bolqarıstandan, 457 kilometri Rumıniyadan, 388 kilometri Macarıstandan, 46 kilometri isə Avstriyadan keçəcək. Hədəf 30 milyard kub metr təbii qazın daşınmasıdır.
Layihənin xərci ilk illərdə 4.1 milyard avro hesablandı. Ancaq dünya dəmir polad qiymətlərində bir dövr yaşanan artım bu rəqəmi də artırdı. Hesablar dəyişdi. Bu gün xərc 7.9 milyard avro hesablanıb.
Layihə ortaqları:
-BOTAŞ (Türkiyə)
- RWE (Almaniya)
- OMV (Avstriya)
- MOL (Macarıstan)
- Bulgargaz (Bolqarıstan)
- Transgaz (Rumıniya)
Layihəyə RWE şirkətiylə ortaq olan Almaniya tranzit keçid ölkəsi olmadığı halda ortaq olan tək ölkədir. Nabucco xəttinin əvvəlcə Azərbaycan və Türkmənistan təbii qaz qaynaqları ilə doldurulması planlaşdırılıb. Daha sonra isə İraq, İran, Misir və Rusiyanın da xətti qazla doldurması gözlənilir.
Nabucconu ən yaxından izləyən ölkələrdən biri isə ABŞ-dır... Həm yaxından izləyir, həm də Avropa ölkələrinin Rusiyadan asılılıqdan qurtuluşunu dəstəkləyir. ABŞ bu 7 illik müddətdə tez-tez son nöqtəyə gələn layihənin önünü açmaq üçün dövrəyə girdi. Anlaşılmazlıqları aradan qaldırmada kritik rol oynadı. /ANS PRESS/