Nabrandakı istirahet merkezleri cerimelenib
29 İyul 2013 Bazar Ertəsi 13:37
Standartlaşdırma, Metrologiya ve Patent üzre Dövlet Komitesi istirahet merkezlerinde yoxlama aparıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Ərzaq məhsullarının və ictimai iaşə xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsi və xidmətin Xaçmaz Ərazi İdarəsi tərəfindən "Atlant" MMC-yə məxsus istirahət mərkəzində standartlara, metroloji qayda və normalara riayət olunmasının səviyyəsini araşdırmaq məqsədilə 18-25 iyul 2013-cü il tarixləri arasında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Komitədən ANS PRESS-ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisənin mətbəxləri ümumi vəziyyətinə görə QOST 30390-95 və SaN Pin 42-123-5777-91 normativ sənədlərin tələblərinə uyğun deyildir. Belə ki, mətbəxlər antisanitar vəziyyətindədir, havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl olunmur. Bundan başqa QOST 30390-95 standartına əsasən hazır yeməklər 3 saat ərzində istiliyini saxlaya biləcək tempraturda saxlanılmaq şərtilə istehlakçıya verilməli olduğu halda, müəssisədə standartın tələbləri pozularaq yemək soyudulduqdan sonra təkrarən qızdırılıb istehlakçıya verilir.

Aparılmış monitorinqlər zamanı yeməklərin hazırlanmasında istifadə olunan düyü, qarabaşaq, lobya, ədviyyatlar və s. məhsullar zərərverici həşəratlara yoluxmuş vəziyyətdə aşkar olunmuşdur. Xammallarla yanaşı bir neçə ədəd siçan tələsinin qoyulması burada mövcud vəziyyətin qənaətbəxş olmadığını deməyə əsas verir. Həmçinin mətbəxdə mənşəyi məlum olmayan müxtəlif çeşidli mürəbbə (gilas, çiyələk, albalı), bal, xama, 40 kq pendir və üzəri kif qatı bağlamış 33 ədəd 3 litrlik müxtəlif kompotlar, yararlılıq müddəti bitmiş sosiska məhsulları aşkar edilmişdir. Yeməklərin hazırlanmasında istifadə olunan xammalın və çörəyin gigiyenik və uyğunluq sertifikatları mövcud olmayıb.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Ərzaq məhsullarının və ictimai iaşə xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsi və xidmətin Xaçmaz Ərazi İdarəsi tərəfindən "Nişanə" MMC-yə məxsus "Malibu" istirahət mərkəzində də 18-25 iyul 2013-cü il tarixləri arasında dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı istirahət mərkəzinin mətbəxlərinin ümumi vəziyyətinin normativ sənədlərin tələblərinə uyğun olmadığı, istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, mətbəxin antisanitar şəraitdə saxlanıldığı müəyyən olunub. Həmçinin yemək hazırlanması üçün istifadə olunması nəzərdə tutulan düyü məhsulunun, o cümlədən qazanın içində tarakan həşəratlarının olduğu, 14 ədəd xəmir mayasının, 2 ədəd alma esensinin (uksus), 2 litr həcmdə soya sousunun istifadə müddətinin bitdiyi müşahidə olunub. Bundan başqa müəyyən olunmuşdur ki, ət məhsulları açıq şəkildə sellofan paketdə, balıq donu açılmış şəkildə soyuducuda saxlanılır. Mətbəxdə həşəratlara və zərərvericilərilər qarşı istifadə olunan dərman vasitələri ərzaq məhsulları ilə yanaşı saxlanılır.

Hazır məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaqlarının nəticələri də məlum olub. Müəyyən olunub ki, yoxlanılan məhsullar təhlükəsizlik göstəricilərinə görə normativ sənədlərin tələblərinə uyğun deyil. Belə ki, "Atlant" istirahət mərkəzində istehlakçılara təqdim olunan paytaxt salatında bağırsaq çöpü qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri, mimoza salatında isə bağırsaq çöpü qrupundan olan bakteriyalar və E.coli mikrobları aşkar edilib. "Malibu" istirahət mərkəzindən götürülmüş nümunələrdən kələm və paytaxt salatında bağırsaq çöpləri qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri aşkar edilib.

Aşkar olunmuş qanun pozuntularla əlaqədar olaraq "Nişanə" MMC-yə məxsus "Malibu" istirahət mərkəzində "kələm" və "paytaxt" salatlarının hazırlanması və satışı, "Atlant" MMC-də çörəyin, "mimoza" və "paytaxt" salatlarının hazırlanması və satışı qadağan edilib. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq istehlakçı hüquqularının pozulması faktına görə hər iki müəssisə ilə bağlı inzibati protokol tərtib edilmiş, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar