Müxtəlif xarakterli proseslərdə Türkiyə Azərbaycana yardım edə bilər
18 Avqust 2010 Çərşənbə 22:00
Novruz Məmmədov: "İmzalanan saziş əlaqələrimizi yeni səviyyəyə qaldırır"
“Türkiyə və Azərbaycan arasında imzalanmış “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə məhz çoxşaxəli, uzunmüddətli münasibətlərin məntiqi nəticəsidir”. Bu fikri səsləndirən Azərbaycan Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hesab edir ki, bu sazişlə Türkiyə və Azərbaycan yeni mərhələyə qədəm qoyur. Qeyd edək ki, bu müqavilə imzalanması gözlənilən yeni Rusiya-Ermənistan hərbi razılaşmasına cavab addımı, mahiyyətinə görə adekvat saziş kimi şərhlərlə müşayiət olunur. Prezident Administrasiyasının rəsmisi isə təfərrüatlara varmadan bu sənədin bütün istiqamətlərdə Azərbaycanın Türkiyədən yararlanmağa imkan verdiyini deyir.

“Doğrudan da bu sənəd Azərbaycanla Türkiyə arasında münasibətlərdə yeni səhifə açır. Bu bir daha sübut etdi ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin inkişaf etməsi üçün qarşıda potensial var. Qarşılıqlı yardım anlayışı ümumiyyətlə götürəndə, hər şeyi özündə ehtiva edir. Bu, strateji-tarixi sənəddir. İmzalanan saziş əlaqələrimizi yeni səviyyəyə qaldırır. Qarşılıqlı yardım deyəndə, o nəzərdə tutulur ki, müxtəlif xarakterli proseslərdə Türkiyə Azərbaycana yardım edə bilər”,-deyə Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildrib.

Rusiyanın Ermənistandakı hərbi bazasından istifadə müddətinin 49 il uzadılmasına dair müqavilənin isə sabah prezident Dmitri Medvedevin İrəvana səfəri zamanı imzalanması gözlənilir. Buna baxmayaraq, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə nizamlanaması üçün narahatlığa əsas görmür. “MDB çərçivəsində Qarşılıqlı Yardım üzrə Hərbi Təşkilat var ki, Ermənistan və Rusiya bu təşkilata üzvdür. O təşkilat çərçivəsində müəyyən situasyialarda dövlətlərin qarşılıqlı yardımı nəzərdə tutulub. Nəzəri cəhətdən Ermənistana hücum olarsa, həmin təşkilat çərçivəsində Rusyianın da ixtiyarı var ki, müdaxilə etsin. Amma iknici belə sənədin imzalanmasından söhbət gedirsə, buna ehtiyacın nə üçün yarandığını əsaslandırmaq mümkün deyil. Bizim üçün elə bir istisi-soyuğu yoxdur, biz öz siyasətimizi qururuq”,-deyə Novruz Məmmədov bildirib.

Qeyd edək ki, müqavilədə həmçinin rus qoşunlarının erməni qüvvələri ilə birlikdə Ermənistanın təhlükəsizliyini qoruması və onun müasir silah, hərbi texnika ilə təchizatına dair öhdəlikləri də nəzərdə tutulur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar