Müsəlman ölkələrin tək bəlası: Fitnə!
09 Avqust 2009 Bazar 06:55
“İraqda və sair müsəlman torpaqlarında dəhşətli müharibə var, fitnə müharibəsi”

 

İraqda növbəti terror dalğasının hədəfi yenə də şiə müsəlmanlar oldu. Keçən həftə cümə günü 5 fərqli məsciddə baş vermiş partlayışda 27 şiə öldü. Bu həftənin birinci yarısında Kərbəla ziyarətinə gedən zəvvarlardan 11 nəfəri qaçırıldı. Bu gün səhər yenə 4 Kərbəla zəvvarı terrorun qurbanı oldu. Həmin gün cümə namazı vaxtı isə Şimali İraqda Mosul şəhərindəki şiə məscidində baş vermiş partlayışda son məlumatlara görə  31 nəfər öldürüldü. (Əslində İslam ədəbiyyatında onlara ölü yox, şəhid deyilir) Bir həftəlik zaman kəsiyində terror qurbanı olmuş şiələrin sayı 62 nəfərə çatdı. ( Terror qurbanlarının hamısı müsəlmandır və məqsədli media öz oyunu üçün onların şiə olduqlarını hər dəfə vurğulayır) Bu, rəsmi açıqlamalar nəticəsində əldə etdiyimiz rəqəmlərdir və mətbuatdan gizli qalanları,  sonradan ölən yaralıları, ömürlük şikəst olanları da nəzərə alsaq qarşımıza tükürpərdici rəqəmlər çıxır.

Bütün bunların səbəbi nədir? Bu gün İraqda dəhşətli müharibə gedir. Fitnə müharibəsi. Bu isə xarici güc strukturlarının müsəlmanlar arasına atdığı məzhəblərarası fitnədir. Fitnənin qorxunc olduğu müqəddəs Quranda da vurğulanır. “...Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir...” /Bəqərə-191/  

Bəs son günlər fitnənin bu qədər vüsət almasının səbəbi nədir? Son vaxtlar sünnilərlə şiələrin qarşılıqlı olaraq bir-birlərini qardaş kimi qəbul etmələri ola bilər? Yoxsa dünyanın qloballaşaraq kiçik bir kənd halına gəlməsi və əsrlərdir kor-koranə bir-birlərini düşmən kimi görən sünnilərin və şiələrin səhvlərini başa düşmələri? Bəlkə son illər İranın və Türkiyənin tarix boyu olmadığı qədər qarşılıqlı yaxınlaşmaları kimisə narahat edir? İki ölkə arasındakı yaxınlaşmanın rəsmi səviyyəyə çatması, bu ölkələr arasında gediş-gəlişin vizasız olması bəlkə kimlərinsə yuxusunu qaçırmışdır? Bəlkə şiələr cəzalandırılaraq şiə lider Müqtəda əs-Sadr, “Hizbullah” lideri Şeyx Nəsrullah və ya şiə İslam dövləti olan İrana dərs vermək istəyirlər? Bu sualları çoxaltmaq mümkündür. Amma bu sualların cavabları da qarşımıza yeni suallar çıxarır. Və bu suallar burulğanının bizi apardığı yerdə qarşımıza bir həqiqət çıxır: “İraqda və sair müsəlman torpaqlarında dəhşətli müharibə var, fitnə müharibəsi”.   

Məmmədov Şirəli /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar