Müsavat Partiyası: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir”
26 Yanvar 2010 Çərşənbə Axşamı 12:20
Müsavat Partiyası:“Kremlin məqsədi bölgəyə sülhməramlı qüvvələr adı altında Rusiya qoşunlarının yerindilməsindən ibarətdir”
“Prezidentlərin Soçi görüşünün əvvəllər keçirilmiş görüşlərdən heç bir xüsusi fərqi olmadı”. Bunu ANS PRESS-ə Müsavat Partiyası başqanının müavini Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, Kreml danışıqlar prosesinə müdaxilə etməklə təşəbbüsü ələ almaq istəyir. Bununla belə, Müsavat başqanının müavini hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: “Rusiya tərəfi bir məsələni xüsusi vurğulayır ki, onun vasitəçiliyində başlıca prinsip tərəflərlə hər hansı təzyiqin edilməməsidir. Yəni, heç kim tərəflərə razılığa gəlmək üçün təzyiq etməməlidir. Bu isə Rusiyanın münaqişənin həllində maraqlı olmadığını göstərən amildir”.
Sülhəddin Əkbər hesab edir ki, əgər tərəflər Rusiyanın şərtləri ilə razılaşsalar, Moskva münaqişənin tam yox, qismən həllində maraqlı ola bilər. Onun fikrincə, Kremlin məqsədi bölgəyə sülhməramlı qüvvələr adı altında Rusiya qoşunlarının yerindilməsindən, Azərbaycandakı hərbi varlığını legitimləşdirməkdən ibarətdir: “Gürcüstandakı 2008-ci il münaqişəsindən sonra Cənubi Qafqazda Rusiyanın hərbi varlığının olmadığı yeganə ölkə Azərbaycandır. Düzdür, Rusiya hərbi qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərinə yerləşdirməklə hərbi varlığını qeyri-legitim şəkildə təmin edib. Amma bunu legimtimləşdirmək üçün Azərbaycanın razılığı lazımdır. ABŞ və Avropa Birliyi isə bununla razı deyil. Əvvəlcədən belə razılıq əldə olunub ki, münaqişə zonasında vasitəçi tərəflərdən heç birinin ya hərbi qüvvələri olmayacaq, ya da dominantlıq təşkil etməyəcək”.
Danışıqların “Madrid prinsipləri”nin yenilənmiş variantı üzərində aparıldığını xatırladan Sülhəddin Əkbər bildirib ki, danışıqlardan sonra verilən açıqlamalar görüqşdə hər hansı irəliyişin olmdığını göstərir: “Sadəcə olaraq, tərəflər razılaşdırılmayan məsələlər barədə fikirlərini sənədə əlavə edəcəklər və sonra həmsədrlər yenidən sənəd üzərində işləyəcəklər. Soçi danışıqlarının nəticəsi yalnız bundan ibarət olub”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: