Müdafiə Nazirliyindən erməni əsirlə bağlı açıqlama
05 Mart 2014 Çərşənbə 13:33
Azərbaycanda saxlanıldığı müddətdə erməni əsir Mamikon Tiqranoviç Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb.
ANS PRESS-in məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.
V.Dərgahlı deyib ki, erməni diversiya qrupunun bələdçisi olan M.Xocayan əsir düşərkən yaralı olub. Yerində tibbi yardım göstərildikdən sonra o, Bakıya gətirilib, Azərbaycan Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalında müayinə olunub, bədənindən güllə çıxarılıb, həkimlər tərəfindən ona zəruri olan bütün yardımlar göstərilib.

“Əsir Mamikon Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb. Əsirlik müddətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdə belə o, heç bir şikayət etməyib. Eləcə də komitə tərəfindən ona qarşı işgəncə faktı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin bu iddiaları onların növbəti cəfəngiyatıdır və heç bir əsası yoxdur”, - deyə V. Dərgahlı vurğulayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, həmişə əsirlərə qarşı insani mövqedə dayanır. Belə ki, hazırda Azərbaycanda saxlanılan erməni əsir ailə nə öz ölkəsinə, nə də üçüncü ölkəyə getmək istəmir.

Qeyd edək ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. O, martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyi isə əsirlikdən qayıdan M. Xocayanın bədənində müayinə zamanı çox sayda zədə və sınıqların olduğu və əsirlik dövründə Azərbaycanda travmalar aldığı barədə məlumat yayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar